İran kəşfiyyatı İsrailin nüvə və hərbi obyektləri, o cümlədən personal və alimlər haqqında çoxlu məxfi məlumat əldə edib.
Redaktor.az xəbər verir ki, bunu İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib bildirib.
“Ölkəyə gətirilən materiallarda İsrailin hərbi və nüvə layihələri, onların modernləşdirilməsi, ABŞ və bir sıra Avropa ölkələri ilə birgə proqramları, həmçinin komandanlıq strukturu və nüvə silahının hazırlanmasında iştirak edən şəxslər haqqında milyonlarla səhifəlik dəyərli məlumatlar var”, - deyə Xətib bildirib.
Onun sözlərinə görə, kəşfiyyat 189 israilli mütəxəssisin tam profilini, o cümlədən adları, şəxsi məlumatları və ünvanlarını, həmçinin ikili istifadə üçün məxfi obyektlərin koordinatlarını əldə edib. Bu obyektlər İsraillə “12 günlük müharibə” zamanı İran raketləri ilə məhv edilib.
Nazir qeyd edib ki, bir çox israilli ya maliyyə səbəblərinə görə, ya da İsrailin baş naziri Benyamin Netanyahuya qarşı şəxsi ədavətinə görə könüllü olaraq Tehranla əməkdaşlıq edib.
"Tasnim" xəbər agentliyi İsrailin Dimona yaxınlığındakı nüvə obyektində İran agentləri tərəfindən çəkilmiş sənədlərin və video yazıların görüntülərini dərc edib.