EN

Trampın 7 müharibəyə son qoyduğuna ABŞ-ın özündə də şübhələr var...


Abutalıb Səmədov: “Son illər ABŞ-da, məqsədinin nə olmasından asılı olmayaraq, bu qədər sülh üçün çalışan ikinci bir prezident olmayıb”

ABŞ prezidenti Donald Tramp BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı yeddi müharibəyə son qoyduğunu, həll olunan münaqişələrdən birinin Ermənistanla Azərbaycan arasında olduğunu bildirib.

ABŞ prezidentinin sözlərinə görə, onun administrasiyası “Birləşmiş Krallıq, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Vyetnam, İndoneziya, Filippin, Malayziya və bir çox başqa ölkələr də daxil olmaqla, bir-birinin ardınca tarixi razılaşma əldə edib”. “Cəmi yeddi ayda yeddi sonsuz müharibəni bitirdim. Dedilər ki, qurtarmaq olmaz..."

"Mən yeddi müharibəyə son verdim, onların hamısı vəhşicəsinə, minlərlə insanı öldürdü. Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda - bu amansız müharibə idi, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan. Onların hamısı olub. Heç bir prezident və ya baş nazir, yaxud bu məsələdə heç bir başqa ölkə Donald Tramp kimi öz sözünü deməyib”-deyə ABŞ prezidenti bildirib.

Amerikalı teleaparıcı və komediya ustası Con Stüart ABŞ prezidenti Donald Trampın “7 müharibəyə son qoydum” ifadəsinə ironik yanaşıb. Bu adam da Trampın "müharibəyə son qoydum" ifadəsinə rişxənd edir. Ümumiyyətlə, ABŞ-da bəziləri həqiqətən də müharibələrə son qoyulduğu fikrinə ciddi şəkildə qarşıdır. Tanınmış adamlardı onlar. Bu cür reaksiyalar nəyin nəticəsidir? Onlar qərəzli yanaşırlar, yoxsa nəyəsə söykənərək çıxış edirlər ki, müharibəyə son qoyulmayacaq?

“…Bir qədər şişirdilmiş bəyanatdır”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ prezidenti dəfələrlə 7 müharibəyə son qoyduğunu bəyan edib və sonuncu dəfə BMT Baş Məclisinin icasında bu fikri səsləndirib. “Təbii ki, dönüb-dönüb bu məsələni təkrar etmək müəyyən qüvvələr tərəfindən xoş qarşılanmır, hətta bəzən rişxənd də edirlər. Belə böyük dövlətin rəhbərinin də dalbadal eyni sözləri təkrarlaması, hesab edirəm ki, düzgün sayıla bilməz. Üstəlik, çox vaxt ölkələrin adlarını da yanlış deyir. “Azərbaycanla Albaniya müharibəsini”, “Ermənistanla Kamboca arasında müharibəni” dayandırdığını deyir. Yəni bu ciddi məsələlərdir. ABŞ kimi böyük bir dövlətin rəhbəri belə yanlışlıqlara yol verməməlidir. İkinci məsələ - Tramp həqiqətən də 7 müharibəni dayandırıbmı? Hesab edirəm ki, bu doğru iddia deyil. Bunu həmin o müharibədə “iştirak edən” dövlətlərin özləri də inkar edir. Məsələn, Tramp Pakistan-Hindistan müharibəsini dayandırdığını deyir, ancaq Hindistan bildirir ki, ABŞ prezidenti dayandırmayıb, özümüz dayandırmışıq. Pakistan isə ABŞ prezidentinin rolunu qeyd edir və bununla bağlı “Nobel” Sülh Komitəsinə müraciəti də var. Yaxud Tramp İsrail-İran müharibəsini dayandırdımı? Əgər ABŞ-ın xeyir-duası olmasaydı İsrail İrana hücum edərdimi? Yəni suallar da, hesab edirəm ki, kifayət qədər ədalətli suallardır. Ancaq digər müharibələrlə bağlı, hesab edirəm ki, Trampın söylədiklərində müəyyən həqiqət var. Konkret Azərbaycan-Ermənistan münaqişəsi barədə Trampın söylədiklərində müəyyən həqiqətlər var. O, müharibəni dayandırmadı, müharibə artıq 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitmişdi və atəşkəs haqqında saziş imzalanmışdı. Ancaq sülh sazişinin imzalanması istiqamətində çox ciddi problemlər yaranmışdı. Əsas problem də ondan ibarət idi ki, sülh sazişinin hazırlanmasında ABŞ-ın və Avropa Birliyinin böyük rolunun olduğuna baxmayaraq, son illər hər iki güc mərkəzi Azərbaycana qarşı ədalətsiz mövqe tuturdu. Bu səbəbdən Azərbaycan ABŞ-ı da, Avropa Birliyini də vasitəçilik imkanların məhrum etmişdi. Ermənistan da Rusiya ilə münasibətlərdə çox ciddi problemlər yaşayırdı və bu mərkəzlər arasında gedən mübarizə sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru addım atmağa imkan vermirdi, ciddi şəkildə mane olurdular. Üstəlik, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, Minsk qrupunun ləğv olunması istiqamətində Ermənistanın addım atmaq istəməməsi bu prosesə kifayət qədər maneçilik törədirdi. Trampın bu məsələyə müdaxiləsi son nəticədə çox ciddi uğurların qazanılmasına gətirib çıxardı. 2025-ci il avqustun 8-də Vaşiqtonda - Ağ Evdə görüş oldu, sülh sazişinin mətni paraflandı, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri öz imzaları ilə sülh sazişini parafladılar. Bu mərasimdə ABŞ-ın prezidentinin iştirakı imzalanan sənədin dəyərini bir az da artırdı. Yəni paraflanma bütün hallarda ciddi hadisədir. Ancaq ABŞ-ın qarant kimi tədbirdə iştirak etməsi bu mərasimin dəyərini xeyli artırdı. Artıq demək olar ki, bu, sülh sazişinin imzalanması kimi qiymətləndirildi. Ermənistan Minsk Qrupu ilə bağlı ATƏT-ə müraciət etmək qərarına gəldi. Baxmayaraq ki, əvvəl Ermənistan qəti şəkildə deyirdi ki, yalnız müqavilə imzalanandan sonra ATƏT-ə müraciət etməyə hazırdır. Yəni Vaşinqtonda imzalanan bu sənədin paraflanma mərasimini Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması kimi qiymətləndirdi və ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciətə qol çəkdi. Demək olar ki, Minsk Qrupu artıq ləğv olunub və son nöqtə ilin sonunda qoyulacaq. ABŞ prezidentinin bu sahədə göstərdiyi xidməti elə həmin mərasimdə Azərbaycan Prezidenti də xüsusi qeyd etdi, hadisənin nə qədər mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və Trampın həqiqətən də “Nobel” Sülh mükafatına layiq olduğunu bildirdi. Azərbaycan və Ermənistan liderləri “Nobel” Sülh Komitəsinə də bununla bağlı müraciət imzaladılar. Dünyada sülhün bərqərar olmasında Trampın çox böyük xidmətləri var. Çünki o çox ciddi şəkildə çalışır ki, tarixə sülhpərvər, sülh yaradan bir prezident kimi düşsün, eyni zamanda “Nobel” Sülh Mükafatı almaq arzusunu da gizlətmir. Bu səbəbdən çox ciddi işlər də görür. Ancaq Trampın 7 müharibəni dayandırmağı ilə bağlı dedikləri bir qədər şişirdilmiş bəyanatdır. Prezident Trampın ən azı bir neçə müharibənin dayanmasında çox ciddi xidmətləri var. Bəzi xırda yanlışlar, Trampın sayı artırmaq cəhdləri, öz xidmətlərini şişirtməyə çalışması dünyada, ilk növbədə də ABŞ-da da müəyyən etirazlar doğurur, rişxəndlə qarşılanır, ələ salınır”.

A.Səmədovun sözlərinə görə, təbii, burda Trampın özünün də yanlışları böyük rol oynayır, çünki adları yanlış demək, faktı təhrif etmək, bitmiş müharibəni davam edən kimi göstərmək, bəzi müharibələrə, bəzi qarşıdurmalara “Ağ Ev”də son qoyulsa da, bu işlərdə ABŞ prezidenti ciddi rol oynasa da onu bir az da şişirtmək cəhdləri hətta iştirakçı dövlətlərdə müəyyən narazılıqlar doğurur. “Bu cür faktlar, bu cür məsələlər dəqiq ifadə olunmalıdır. Trampın komanda üzvləri ən azından bu müharibə edən ölkələrin adlarını yazıb ona təqdim etməlidirlər ki, Azərbaycanla Albaniyanı, yaxud Ermənistanla Kambocanı son nəticədə müharibə edən ölkələr kimi göstərməsin. Təbii ki, bundan da istifadə edib Tramp əleyhinə olan qüvvələr ona qarşı müəyyən kampaniyalar aparır, onu ələ salmağa çalışırlar, ona rişxənd edirlər. Ancaq hesab edirəm ki, son illər ABŞ-da, məqsədinin nə olmasından asılı olmayaraq, bu qədər sülh üçün çalışan ikinci bir prezident olmayıb, Tramp sülhə nail olmaq, dünyada insan qırğınının qarşısını almaq üçün əlindən gələni edir və həqiqətən də o, “Nobel” Sülh Mükafatına layiq prezidentdir” - deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA

Chosen
23
baki-xeber.com

1Sources