EN

Müəllimlərin qəfil dəyişdirilməsi şagirdlərin nəticələrinə birbaşa təsir edir Ekspertdən AÇIQLAMA

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Müəllimlərin hansı siniflərdə dərs keçməsi, dərs yükünün bölüşdürülməsi və pedaqoji heyətin idarə olunması bütün dünyada təhsilin keyfiyyətinə birbaşa təsir edən məsələlərdəndir. Təhlil göstərir ki, müəllimlərin sinifdən uzaqlaşdırılması və ya başqa sinfə keçirilməsi prosesi yalnız inzibati qərar deyil, həm də pedaqoji nəticələri müəyyənləşdirən vacib addımdır. Azərbaycanda hər il Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir. Rəsmi statistikaya görə, 2024-cü ildə sertifikasiyaya cəlb olunan müəllimlərin 74 faizindən çoxu uğurla nəticə göstərib və bu, tədris keyfiyyətinə təsir edən əsas göstəricilərdən biridir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə fənn tədris edən müəllimlərin qəfildən dəyişdirilməsindən danışarkən bildirdi.

"“Təhsil haqqında” Qanunun 30-cu maddəsində qeyd olunur ki, pedaqoji işçilərin peşəkarlığı, təhsilalanların maraqları və təhsil müəssisəsinin inkişaf strategiyası nəzərə alınmaqla dərs yükü müəyyənləşdirilir. Lakin qanunda eyni zamanda valideynlərin övladlarının təlim-tərbiyə şəraiti ilə bağlı fikir bildirmək hüququ da təsbit olunub. Bu baxımdan, müəllimin sinifdən uzaqlaşdırılması məsələsində şəffaflıq təmin olunmadıqda, valideynlərin narazılığı pedaqoji prosesə təsir göstərə bilir. Mənfi tərəf ondan ibarətdir ki, müəllimlərin belə qəfil dəyişdirilməsi çox zaman şagirdlərin nəticələrinə birbaşa təsir edir. Psixoloji uyğunlaşma, tədrisin davamlılığı və öyrənmə vərdişləri pozulur. Məsələn, Dünya Bankının 2022-ci ildə yayımladığı hesabatda göstərilir ki, müəllimlərin tez-tez dəyişdirilməsi ibtidai siniflərdə oxu və riyazi bacarıqların 11–13 faiz zəifləməsinə səbəb olub. Bu, yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, hətta ABŞ və Avropa ölkələrində də müşahidə edilən ümumi tendensiyadır.

Müsbət tərəf isə odur ki, Elm və Təhsil Nazirliyi son illərdə müəllimlərin idarə olunmasında səmərəliliyi artırmaq üçün vahid elektron sistemlər tətbiq edir. “Müəllimlərin işə qəbulu” və “sertifikasiya” mexanizmləri nəticəsində artıq siniflərə pedaqoji cəhətdən daha hazırlıqlı, qiymətləndirmədən keçmiş kadrların yönləndirilməsi mümkün olur. Bu, müəllimlərin yerdəyişməsini daha obyektiv və keyfiyyətli edir. Nazirliyin bu istiqamətdə atdığı addımlar müsbət qiymətləndirilməlidir, çünki nəticədə məktəblərdə dərs keyfiyyəti yüksəlir, şagirdlərin nəticələri sabitləşir".

Müsahibimizin fikrincə, müəllimin başqa sinfə keçirilməsi pedaqoji əsaslandırma və valideynlərlə açıq kommunikasiya ilə müşayiət olunmalıdır:

"Əks halda bu, şagirdlərin təhsil keyfiyyətinə mənfi təsir edə bilər. Amma Elm və Təhsil Nazirliyinin ümumi siyasəti – müəllimlərin keyfiyyətinə əsaslanaraq bölgülərin aparılması müsbət istiqamətdə bir addımdır və dünya təcrübəsinə uyğunlaşdırılması zəruridir. Azərbaycanın təhsil sistemində baş verən bu yeniliklər gələcəkdə daha şəffaf idarəetmə, valideynlərin proseslərə cəlb olunması və pedaqoji sabitliyin qorunması ilə tamamlanmalıdır", - deyə Kmaran Əsədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
redaktor.az

3Sources