Qahirə, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlərin və Böyük Britaniyanın xarici işlər nazirləri arasında keçirilən görüşdə HƏMAS-ın Qəzzadakı idarəçiliyinə son verməsi tələb olunub.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, görüş iştirakçıları müharibənin sona çatdırılmasına, eləcə də “ikidövlətli həll” ilə ədalətli və davamlı nizamlamaya yönəldilən bütün səylərə dəstəklərini ifadə ediblər.
Nazirlər, həmçinin sentyabrın 9-da İsrailin Dohaya raket hücumunu pisləyib, Qəzzada yaşanan humanitar böhranın tez bir zamanda aradan qaldırılmasına, münaqişə tərəflərinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərinə riayət etmələrinə, o cümlədən mülki şəxslərin və infrastrukturun qorunmasına çağırış ediblər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə