EN

5000 manata görə həbs olunan bələdiyyə sədrinin cəzası yüngülləşdirildi: məhkəmə zalından evə buraxıldı

İmişli rayonu, Yuxarı Qaralar bələdiyyəsinin keçmiş sədri Ziya Musatafayev həbsdən buraxılıb.

Hurriyyet.az xəbər verir ki, keçmiş bələdiyyə sədrinə verilmiş 2 il 6 ay həbs cəzası dəyişdirilərək 2 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənib.

Qeyd edək ki, 45 yaşlı Ziya Mustafayev haqqında dələduzluq ittihamı ilə cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə edilməklə dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

İttihama əsasən, o, Yuxarı Qaralar bələdiyyəsinin sədri vəzifəsində işləyərkən bələdiyyənin mülkiyyətində olan, Soltanmuradlı kəndi ərazisində yerləşən 56 hektar kənd təsərrüfat təyinatı torpaq sahəsini icarə adı ilə verib, qarşılığında 5000 min manat alıb.

Ziya Mustafayev özü də İmişli rayonunun Soltanmuradlı kəndindəndir.

İstintaq getdiyi müddətdə, həmçinin İmişli Rayon Məhkəməsində proses davam edərkən Ziya Mustafayev həbs olunmayıb. Hökm oxunanda – 17 iyun 2025-ci ildə o, məhkəmə zalında həbs edilib. Apellyasiya məhkəməsi onun haqqındakı hökmü dəyişənə qədər 2 ay 29 gün həbsdə qalıb.

Qeyd edək ki, apellyasiya məhkəməsi onun əməlindən peşman olmasını, alınan 5000 manatı ailəsinin qaytarmasını, şikayət və tələbin olmamasını və s. halları nəzərə alaraq, cəzanın dəyişdirilməsinə qərar verib.

Həbsdə olduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanıb və 5 ay 28 gün sayılıb. Şirvan Apellyasiya Məhkəməsi bu müddəti ona təyin etdiyi 2 il azadlığın məhdudlaşdırılması cəzasından çıxıb. Ziya Muxtafayevin üzərində 1 il 6 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmaqla o, apellyasiya məhkəməsində zalda həbsdən buraxılıb.

Keçmiş bələdiyyə sədri il yarım ərzində elektron qolbaqla gəzməli, yaşadığı evi axşam saat 22.00-dan səhər saat 07.00-a qədər tərk etməməlidir. O, həmçinin xüsusi icazə almadan İmişlidən kənara çıxa bilməz.

Chosen
3
1
hurriyyet.az

2Sources