EN

Konstitusiyanın diktəsi: Ermənistan Qarabağ iddiasından nə vaxt əl çəkəcək?-Millət vəkilindən AÇIQLAMA

Müasir beynəlxalq münasibətlərdə konstitusiyalar yalnız daxili hüquqi sənəd deyil, həm də dövlətlərin xarici siyasətdə mövqelərini müəyyənləşdirən siyasi manifest kimi çıxış edir. Xüsusilə münaqişə yaşamış ölkələrdə konstitusiyanın məzmunu və orada əksini tapan müddəalar qonşularla münasibətlərə birbaşa təsir göstərir. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra regionda sülhün bərqərar olması üçün əsas şərtlərdən biri tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü rəsmən tanımasıdır. Bu baxımdan Ermənistan Konstitusiyasındakı “Dağlıq Qarabağ”la bağlı iddiaçı müddəaların aradan qaldırılması yalnız hüquqi addım deyil, həm də gələcək münasibətlərin strateji istiqamətini müəyyən edən əsas şərtdir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ana qanunu olan Konstitusiya ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təmin etməklə yanaşı, demokratik dəyərləri də özündə birləşdirir:

“Konstitusiyamızda 1918-ci ildə müsəlman Şərqində yaradılmış ilk Xalq Cümhuriyyəti – Azərbaycan Xalq Cümhuriyyətinin – siyasi varisi olduğumuz qeyd olunur. Bu, müstəqil dövlətçilik tariximizin davamlılığını ifadə edir.

Azərbaycan Konstitusiyası heç bir dövlətə qarşı yönəlməyib və qonşu ölkələrin ərazilərinə dair hər hansı iddia özündə əks etdirilmir. Lakin Ermənistan Konstitusiyasında keçmiş “Dağlıq Qarabağ” bölgəsi Ermənistanın ayrılmaz tərkib hissəsi kimi göstərilir. Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, bu müddəa Ermənistan Konstitusiyasından çıxarılsın və rəsmi İrəvan ölkəmizin ərazi bütövlüyünə qarşı iddialardan tamamilə imtina etsin.

Bu tələb beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Əgər iki ölkə sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirsə, qarşılıqlı ərazi iddialarından rəsmən əl çəkməli və gələcəkdə sülhü şübhə altına ala biləcək hər cür iddiaları aradan qaldırmalıdır.

Bu baxımdan Azərbaycanın mövqeyi tam qanunidir. Ermənistan Konstitusiyasında dəyişikliklər nə qədər tez həyata keçirilsə, yekun sülh müqaviləsinin imzalanması prosesi də bir o qədər sürətlənəcək. Bu isə ölkələrimizin normal qonşuluq münasibətləri qurmasına və davamlı sülh, əməkdaşlıq şəraitində yaşamasına şərait yaradacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
17
editor.az

1Sources