Çərşənbə günü səhər neft qiymətləri əvvəlki sessiyada kəskin yüksəlişdən sonra mülayim şəkildə yüksəlməyə davam edib.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,07 dollar (0,1%) bahalaşaraq 67,7 dollar/barel təşkil edib. Çərşənbə axşamı Brent 1,06 dollar (1,6%) bahalaşaraq 67,63 dollar/barelə çatıb.
Bu vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin noyabr fyuçersləri 0,11 dollar (0,17%) bahalaşaraq bir barelə görə 63,52 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 1,13 dollar (1,8%) artaraq 63,41 dollar olub.
Neft qiymətləri dünən İraq Kürdüstanının bazara qayıtmaq planlarının bir sıra problemlərlə üzləşməsindən sonra artıb. Daha əvvəl xəbər verildiyi kimi, Bağdad bölgə hökuməti ilə Türkiyə üzərindən bölgədən gündə təxminən 230 min barel neft nəqlini bərpa etmək barədə razılığa gəlib. Bununla belə, KİV-də yayılan məlumatlar yerli istehsalçıların müəyyən borc öhdəlikləri üçün təminat tələb etdiyi üçün bu daşınmaların hələ başlamadığını göstərir.
Amerika Neft İnstitutu ötən həftə ABŞ-da xam neft ehtiyatlarının 3,82 milyon barrel, benzinin 1,05 milyon barrel azaldığını, distillə ehtiyatlarının isə 518 min barrel artdığını bildirib.