EN

Roma Papası müxtəlif ölkələrin Fələstin dövlətini rəsmən tanımasına münasibət bildirib

Vatikan, 24 sentyabr, AZƏRTAC

Müqəddəs Taxt-Tac uzun illərdir ki, iki dövlətli həlli dəstəkləyib. Biz bütün xalqlara hörmət etmək üçün bir yol tapmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo jurnalistlərə açıqlamasında deyib.

“Fələstin dövlətinin tanınması prosesə kömək edə bilər. Lakin hazırda qarşı tərəfin həqiqətən də dinləmək istəyi yoxdur. Ona görə də hazırda dialoq pozulub”, - deyə pontifik bildirib.

Roma Papası Qəzzadakı kilsə nümayəndələri ilə telefon danışığı apardığını deyib: “Şükürlər olsun ki, kilsədəkilər yaxşıdırlar. Lakin kilsəyə yaxın ərazidə hücumlar davam edir”.

Rusiya münaqişəsi və Avropanın müdaxilələri ilə bağlı isə Papa Leo bunları deyib: “Kimsə eskalasiya axtarır. Bu, getdikcə daha da təhlükəlidir”.

O, silahları yerə qoymağın, hərbi irəliləyişləri dayandırmağın və dialoq masasına qayıtmağın vacibliyini bildirib. Qeyd edib ki, Avropa həqiqətən birləşsəydi, çox şeyə nail ola bilərdi.

Avropanın yenidən silahlanmasına gəlincə Roma Papası bildirib ki, bunlar siyasi məsələlərdir, eləcə də Avropaya kənardan gələn təzyiqlərə görədir və bu barədə şərh verməmək daha yaxşıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Chosen
14
azertag.az

1Sources