EN

Bakıda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının vebinarı təşkil olunub

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakıda qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən bildirilib.

Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib. Tədbirə Azərbaycandan AAF prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, qurumun İdarə Heyətinin üzvü Fəxri Mehdiyev, yığmanın məşqçiləri və idmançılar qatılıblar.

Vebinarı giriş sözü ilə Kamran Nəbizadə açıq elan edib. O, beynəlxalq vebinarın əhəmiyyətindən danışıb, Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri,vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.

Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırmanın bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.

Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırmada tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən ağırlıqqaldırma dünyanın ən nüfuzlu idman yarışı olan Yay Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsində təmsil olunacaq.

Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib. Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.

Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.

Vebinarın sonunda AAF-nin vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, Azərbaycanda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyası fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Qeyd edək ki, Bakıda təşkil olunan beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb. Vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Chosen
17
10
90deqiqe.az

10Sources