EN

Şəmkirdə Azərbaycan-Qazaxıstan birgə müəssisəsi istismara veriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Bugünkü forum ölkəmizin metallurgiya sənayesində əlamətdar hadisəsidir. Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Daşkəsən Dəmir Filiz” MMC-nin (DDF) baş direktoru Ceyhun Əliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, zavod Şəmkir rayonunda inşa ediləcək.

“Bu strateji əməkdaşlıq Azərbaycan–Qazaxıstan münasibətlərinin metallurgiya sənayesi sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir. “Daşkəsən Dəmir Filiz” MMC adından bildirirəm ki, biz bu layihəni ən yüksək standartlarla həyata keçirmək, Azərbaycanın sənaye gücünü və ixrac potensialını daha da artırmaq əzmindəyik", - deyə C.Əliyev qeyd edib.

Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırıldığını deyən baş direktor istehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacağını bildirib: “Bizim üçün prioritet yalnız iqtisadi töhfə deyil, həm də ekoloji məsuliyyətdir. Ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir. HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60 faizədək azaldılmasını mümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün istehsalatda təbii qaz əvəzinə hidrogenə keçid etməyə imkan yaradır. Buna görə sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır”, - deyə Ceyhun Əliyev vurğulayıb.

Chosen
28
6
azertag.az

7Sources