Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq.
Bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, zavod Gəncə–Qazax iqtisadi rayonunda inşa ediləcək:
“Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi tövhə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi əsas iş prinsiplərimizdəndir”.
O qeyd edib ki, İDB zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır:
“Bu texnologiya – ənənəvi domna sobalarındanfərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasınımümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin, bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinə hidrojenə keçid etməyəimkan yaradır. Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır.
Bu strateji əməkdaşlıq Azərbaycan–Qazaxıstan münasibətlərinin metallurji sənaye sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir”.