EN

Sağlığında özünə heykəl qoyan alim


Yaxın adamlar haqqqında yazanda qələm də sevinir, kağız da... Kaş ki, özünü qələm əhli sayan bütün qələmdaşlar dünyanı başına götürmüş zatı qırıqları, nanəcibləri, əsli-soyu bəlli olmayanları, onun-bunun qanını soraraq var-dövlət toplayanları, haram pullarla arvadına qızıl-gümüş, oğluna qız, qızına ər alanları mədh etməkdən vaz keçərək dəyərli insanlardan yazaydılar.

Haqqında yazılası dəyərli insanlardan, tədqiqatçı-alimdən, el-obanın tarixinə, maddi və mənəvi mədəniyyətinə aid gərəkli bir söz demək üçün ömrünü-gününü kitablar üstə əridən yurd pərvanələrindən biri də Vahid Ömərlidir.
Vahid Ömərlini çoxdan, lap çoxdan tanıyıram. O, AMEA-nın Fəlsəfə və Sosiologiya, mənsə Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyirəm. Demək olar ki, günaşırı görüşürük. Hər görüşümüzdə söhbətin mövzusu yalnız qədim Qarayazıdan, ulu Borçalıdan, eləcə də Gürcüstan türkləri yaşayan digər bölgələrdən olur.
Vahid müəllim el-oba sevgili qeyrətli eloğlularmızdandır. Bu sevgi olmasaydı yuxusuz gecələrin, sonsuz dərəcədə ağır zəhmətin bəhrəsi olan bir neçə cildlik “Qarayazı” kitabları meydana gəlməzdi.
V.Ömərli “Qarayazı” kimi samballı əsərlərini yazmaqla özünə əbədi heykəl ucatdı. Çoxlarına nəsib olmayan bu bəxtəvərliyə imza atmaq hər alim oğulun işi deyil.
Gürcüstan türklərinə “Qarayazı” kimi əvəzsiz əsərlər bağışlayan, uğurlarına hər zaman sevindiyim, Kosalı mərhum Allahverdi əminin dəyərli alim oğlu, dostum, qardaşım, sevgili və qeyrətli eloğlum Vahid müəllimin indi 70 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi və elmi fəaliyyətində uğurlar, uğurlar, uğurlar arzulayıram.
Əsəd Təhləli (Əliyev),
Tarix üzrə fəlsəfə doktoru, dosent, şair-etnoqraf.

Chosen
89
baki-xeber.com

1Sources