EN

Şəfa nın prezidenti: Qarabağ dan başqa hamı ilə oynaya bilərik MÜSAHİBƏ

ain.az bildirir, Idman.biz portalına istinadən.

"Premyer Liqada çıxış etmək mürəkkəb məsələdir. Amma gedişat onu göstərir ki, düzgün yoldayıq. Futbolçu seçimindən tutmuş gedişatadək hər şey bunu göstərir".

İdman.biz xəbər verir ki, bunu sportnet.az-a müsahibəsində "Şəfa" klubunun prezidenti Sərdar Salmanzadə deyib.

Həmin müsahibəni təqdim edirik:

"Fuad Musayevin oğlunun məqsədi odur ki, klub yaşasın və Premyer Liqaya qayıtsın"

- Hazırkı "Şəfa" əvvəllər mövcud olmuş eyniadlı klubun davamçısıdır?

- Bəli, həminkidir. Özüm də "Şəfa" yarandığı vaxtdan komandanın aşağı yaş qruplarında çıxış etmişəm, bütün yaş dövrlərini keçmişəm. Əsas komandaya da dəvət almışdım. Sadəcə, 2002-ci ildə çempionat məlum proseslərlə əlaqədar dayandı və 400 günlük aradan sonra bərpa olundu. Həmin vaxt mənim ali təhsil üçün sənəd verəcək yaş dövründə idim. Nəticədə seçimimi təhsildən yana etdim. Lakin "Şəfa"nı nə zamansa qaytarmaq arzum idi. Bu, bizə qismət oldu və 2023-cü ildə klubu götürdük.

- "Şəfa" klubu AFFA-nın mərhum prezidenti Fuad Musayevə məxsus idi. Klubu necə əldə etdiniz?

- Bizə qədər klubu rəhmətlik Fuad müəllimin oğlu Tofiq Musayevdən almışdılar. Biz klubu aldığımız vaxt - 2023-cü ilin aprelində "Şəfa" Azərbaycan II Liqasında çıxış edirdi. Klubun təsisçisi və prezidenti Cavid Nəzərov idi. Cavid müəllim də bizə yaxın yoldaşdır, kənar şəxs deyil. Amma tam təsadüfən xəbər tutdum ki, "Şəfa" satılır. Biz də klubu aldıq və maliyyələşdirməyə başladıq. İndi də klubun fəaliyyəti göz önündədir.

- Sirr deyilsə, klubu hansı məbləğə almışdınız?

- Bu, bir qədər konfidensial məsələdir. Ciddi rəqəm deyil, cüzi bir şeydir.

- Bildiyimiz qədərilə Fuad Musayevin oğlu da "Şəfa"nın bərpasında və yaşamasında maraqlı olub...

- Bəli, doğru məlumatdır. Məqsədi o olub ki, klub yaşasın və Premyer Liqaya qayıtsın.

- Özü oyunlarınıza gəlib izləyirmi?

- Xeyr, mən görməmişəm. Ola bilsin, sosial şəbəkələrdə izləyir, amma mənim məlumatım yoxdur. Gəlsəydi, onu böyük məmnuniyyətlə qarşılayardıq.

"Hazırda qarşımızda stadion tikintisi üçün 5 ərazi var"

- Bu mövsümdən I Liqada çıxış edirsiniz və ilk turlardan yüksək nəticələr göstərirsiniz. Özünüzü Premyer Liqaya hazır sayırsınız?

- Bilirsiniz, indidən “biz hazırıq” demək tezdir. Bunu zaman göstərəcək. Premyer Liqada çıxış etmək mürəkkəb məsələdir. Amma gedişat onu göstərir ki, düzgün yoldayıq. Futbolçu seçimindən tutmuş gedişatadək hər şey bunu göstərir. Biz gənc komandayıq, yenidən formalaşmışıq. Təcrübəli oyunçulara ehtiyacımız var. Əlimizdən gələni edirik ki, Premyer Liqaya çıxanda işin gedişatı və prosedur anlamında özümüzü itirməyək. Ona görə də İtaliya, İspaniya kimi öndə gedən ölkələrlə məsləhətləşmələr aparırıq ki, hardasa nüfuzumu artıraq. I Liqada təşkilati və geyim baxımından biz çox fərqlənirik. Çalışacağıq ki, bu markanı saxlayaq, Premyer Liqada da elə bir səviyyə göstərək ki, "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"yə yaxın olaq.

- Keçmiş "Şəfa" stadionu, hazırkı "ASK Arena"nın taleyi necə olacaq? Bildiyimiz qədərilə, artıq stadion sizdən alınıb...

- Əslində, stadion heç vaxt bizə məxsus olmayıb. Sadəcə, icarəyə götürərək məşqlərimizi, oyunlarımızı keçirirdik. Amma yenə də qayıdacağıq. Hazırda təmir gedir, 1,5 aya bitəcək və biz geri qayıdacağıq. Çünki qüvvədə olan müqaviləmiz var. Bu, qismət məsələsidir. Gələcəkdə stadion satışa çıxarılsa və ya təmiri üçün sərmayəçi lazım olsa, biz bir vərəsə klubu kimi oranı ciddi nəzərdən keçirəcəyik. Amma hələlik digər yerlərdə stadion tikintisi üçün torpaq sahələri də təklif olunur. Biz də nəzərdən keçiririk. Düşünürəm ki, yaxın günlərdə seçimimizi yekunlaşdıraraq, öz stadionumuzu tikməyə başlayacağıq.

- Digər yerlər deyəndə Bakının kəndlərini nəzərdə tutursunuz?

- Xeyr, həm Bakının içi, həm də kəndləri nəzərdə tuturam. Əlbəttə, qiymətdən asılıdır, qiymət fərqi də var. Stadionun ərsəyə gəlmə müddətini də nəzərə alırıq. Nə istədiyimizi, bizə lazım olan ərazi də təsəvvürümüzdədir. Sadəcə, bizə bir müddət lazımdır ki, müəyyən riskləri nəzərdən keçirərək, fikrimizi konkretləşdirək.

- Amma Bakının içərisində bir qarış torpaq tapmaq da çox çətindir…

- Bəli, çox çətindir. Hazırda qarşımızda 5 ərazi var. Məni düzgün başa düşün, açıqlamaq istəmirəm. Amma kiminlə müqavilə bağlasaq, sizə məlumat verəcəyik. 5 ərazi təklif olunub, seçim edirik. Mənim fikrimcə, stadion üçün torpaq tapmaq mümkündür. Kim stadion üçün torpaq sahəsi tapa bilmədiyini deyirsə, yanlış danışır.

"5 000 nəfərlik stadionumuz olacaq"

- O sözü deyən "Qarabağ"dır. Klubun akademiyasının tikintisi üçün ərazi tapa bilmədiklərini söyləyirlər...

- "Qarabağ"ın çox gözəl stadionu var — "Azersun Arena". Özüm də orada olmuşam. Qurban Qurbanov da başda olmaqla, bizə və məşqçilər korpusuna daim mənəvi dəstək göstərir. Hazırda onların akademiya komandaları "Sərhədçi" İdman Kompleksinin meydançalarında məşq edirlər. Bunun maddi, mənəvi və istək tərəfi var. Oradakı vəziyyətdən xəbərsiz olduğumdan, onların adından danışa bilmərəm, amma problem görmürəm. Ötən həftə 17 yaşlılarımız "Sərhədçi"də "Qarabağ"dan olan həmyaşıdları ilə yoxlama oyunu keçirdi və 3:3 hesablı heç-heçə etdi. Mən problem görmürəm. Hərənin bir istəyi var və o istəyə görə ərazi tapmalıdır. Bildiyim qədərilə ayrıca akademiya kompleksi tikmək istəyirlər, amma hələ ərazi ala bilməyiblər. İşin içində olan şəxs kimi deyə bilərəm ki, tapmaq olur, var.

- Bizi layihənizlə tanış edə bilərsiniz?

- Bəli. Bir ədəd standart ölçülü (105Xt68) meydança, təxminən 5 000 tamaşaçı tutumlu tribuna və skayboks da inşa olunacaq. Stadion Peşəkar Futbol Liqasının bütün tələblərinə cavab verəcək. Oyunçular üçün otaqlar, təcili tibbi yardım dayanacağı, 50-60 maşınlıq parkinq olacaq. Bundan əlavə, rayondan gələn futbolçular üçün yataqxana tikiləcək. Akademiya üçün ayrıca üstübağlı mini-stadion da nəzərdə tutulub ki, hava şəraiti əl verməyəndə orada məşq edə bilsinlər. Tikinti tender vasitəsilə şirkətə həvalə olunacaq. Ot örtüyünün salınması təxminən 2 ay, digər tikinti işləri isə ən azı 6-7 ay çəkə bilər. Renderlər hazırlanır, bir aya hazır olacaq.

- Meydançanı nə zaman hazırlayıb-bitirmək fikrindəsiniz?

- Bu, bizim seçimimizdən asılıdır. Bizə tender elan ediləcək. Nə zaman hazır olacağı şirkətin təqdim etdiyi müddətdən, xalçanı sərəcək qurumun yanaşmasından asılıdır. Stadionun süni örtüyü təxminən 40-50 günə hazır olacaq. Lakin ətrafının hazırlanması 6-7 ay çəkəcək.

- Meydançanın örtüyü süni olacaq?

- Bəli. Bir neçə meydança tikmək fikrimiz var. Birinci meydançanın örtüyü süni olacaq. Lakin keyfiyyətli örtük döşənəcək. Bakı ətrafında gördüyüm keyfiyyət istənilən səviyyədə deyil. Burada tam başqa olacaq. Artıq danışıqlar aparılır, müəyyən xırdalıqlara da varırıq. Avropa təcrübəsindən yararlanaraq, meydançanı salacağıq. Orada akademiya da, əsas komanda da oynaya biləcək. Bir qədər peşəkarlaşdıqdan sonra ətraf ərazilərə də baxış keçirərək, təbii örtüyə üstünlük verəcəyik.

"Adnan Əhmədzadənin həbsindən xəbərim yox idi, amma hər ehtimala hazırıq"

- Artıq "ASK Arena" ideyasından vaz keçdiyinizi demək olarmı?

- Xeyr, vaz keçməmişik. Bu mövsüm məşq və oyunlarımız orada olacaq. Çünki müqaviləmiz var. Amma hələlik rəqiblərimizi Binə qəsəbə stadionunda qəbul edirik. Ardından "ASK Arena"ya qayıdacağıq.

- Adnan Əhmədzadənin həbs xəbəri "ASK Arena"da tikilən "Barselona" akademiyasının fəaliyyətinə mane ola bilərmi?

- Açığı, xəbərim yox idi. Amma hər ehtimala hazırıq. Orada təmir işləri artıq yekunlaşmaqdadır. Fors-major hal baş versə, biz məsələyə qoşulmağa və çox ciddi şəkildə nəzərdən keçirməyə hazırıq.

- Stadionu almaq üçün maliyyə baxımından da hazırsınız?

- Bunu deyə bilmərəm, çünki bu gündən sabaha ümid yoxdur. Qismətdə varsa və bizə təklif olunsa, belə bir məsələnin olduğunu bilsək, müzakirə edəcəyik. Əlbəttə, niyyətimiz var. Hətta 20-30 illik icarəyə götürüb futbolu orada yaşatmaq fikrimiz var. Çünki "Şəfa" stadionu həm bizim, həm də ölkəmizin bir çox futbolçusunun uşaqlıq xatirələrindədir. Ora hamımızın sevimli məkanı olub. İstəyirik ki, ora yeni nəfəs verək. 2001-ci ildə Fuad Musayev hamını bir yerə toplamışdı. Dedi ki, bu stadionu tikirəm, amma bir gün burada olmayacağam, stadion sizə, futbolumuza qalacaq. O vaxtlar "Şəfa" stadionu adlanırdı, açılışına FIFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini gəlmişdi.

- Amma bir neçə dəfə cəhd olunsa da, meydançaya təbii örtüyün salınması mümkün olmadı...

- Biz götürsəydik, avtomatik təbii örtüklü, digər iki meydançanı süni örtüklü edəcəkdir. Təbii örtüyü saxlamaq üçün mövsümlük yarım milyon manat lazımdır. Süni örtük isə daha rahatdır və uzun müddət davamlı olur. Bunun üçün yüngülcə nəzarət kifayətdir.

"Əsas hədəfimiz çempionluqdur"

- Azərbaycan Kubokunun püşkü atıldı və "Şəfa"nın da rəqibləri müəyyənləşdi. I Liqa komandasının irəliləməsini nadir hallarda görürük. Bu baxımdan, komandanızdan kubok gözləntiləriniz varmı?

- Komandamız Premyer Liqa klublarının bir neçəsi ilə eyni səviyyədədir ki, aşağı deyil. Futbolçularımızın hamısı ad-sanlıdır, elita təcrübələri var. Biz kuboka gedəcəyik, rəqibin fərqi yoxdur. "Cəbrayıl"ı keçsək, 1/8 finalda "Qəbələ" - "Mingəçevir" cütünün qalibi ilə oynayacağıq. Yəni, ikinci oyunumuzda Premyer Liqa klubu ilə düşmə ehtimalımız var. Biz axıradək vuruşacağıq. Düşünürəm ki, "Qarabağ" istisna olmaqla, digər klublarla oynaya bilərik.

- Bu iddianızı nə ilə əsaslandırırsınız: Heç onlarla yoxlama oyunu keçirmisinizmi?

- Bəli, "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etmişik. Baş məşqçimiz Elgiz Kərəmli çox güclüdür, Qurban Qurbanovun yanındadır, ondan təcrübə qazanıb. Oyunumuzdan da görünür ki, rəqibə top vermirik. Fərqimiz çox böyükdür. Heyətimizdə güclü futbolçular var. Ad çəkmək istəmirəm, amma heç kimdən geri qalmırıq. Mənim subyektiv fikrimdir ki, Premyer Liqanın müəyyən klublarına qarşı rahat oynaya bilərik.

- I Liqada 2-ci yeri tutub play-off-a düşsəniz, Premyer Liqa komandası ilə qarşılaşmağa hazırsınızmı?

- Açığı, emosional baxımdan hazır deyilik. Bizim əsas hədəfimiz çempionluqdur. Məncə, bu, düzgündür. Amma qismət elə gətirsə, əlbəttə, o vaxt hazır olacağıq. Bu, qaçılmaz məsələdir. Arxayın olun, biz buna hazırıq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
3
icma.az

4Sources