EN

Çoxluğun hökmü və ya hakimiyyət səlahiyyətlərinin məhdudlaşdırılması? Konstitusionalizm

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Demokratiyanın paradoksu

Təsəvvür edin ki, bir ölkədə xalqın iradəsi hər şeydən üstün tutulur. Parlament çoxluğun səsi ilə istənilən qanunu qəbul edə bilər. Bir tərəfdən bu demokratiyanın zirvəsi kimi görünür: xalqın seçdiyi təmsilçilər xalq üçün qərar verir. Amma digər tərəfdən, həmin çoxluq azlığın hüquqlarını tapdalayarsa, kim onu dayandıracaq?

Alexis de Tokvilin hələ XIX əsrdə xəbərdarlıq etdiyi “çoxluğun tiraniyası” anlayışı bu paradoksu mükəmməl ifadə edir. Demokratiya yalnız xalqın səsinə arxalanarsa, bir gün həmin səs avtoritarizmin qanuni alətinə çevrilə bilər. Bu, XX əsrin əvvəllərində Avropada reallığa çevrildi: Almaniyada nasistlərin, İtaliyada isə Mussolininin hakimiyyətə yüksəlişi parlament və seçki sisteminin yardımı ilə baş verdi. Məhz bu faciəvi təcrübələr Avropada yeni bir siyasi modelin – konstitusional demokratiyanın doğulmasına səbəb oldu. Bu modeldə çoxluğun hökmü hüququn hüdudu ilə məhdudlaşdırılır. Beləliklə, demokratik iradə qorunur, lakin o, fundamental insan hüquqları və hüquq dövləti prinsiplərini pozmaq gücünə malik olmur.

Parlamentdən diktaturaya: tarixdən dərslər

Almaniyanın 1933-cü il tarixli "Enabling Act"ı nasistlərə parlamentin səlahiyyətlərini tam ələ keçirmək imkanı verdi. Formal olaraq hər şey qanuni görünürdü, lakin nəticədə demokratiyanın öz mexanizmləri onun məhvinə xidmət etdi.

İtaliyada isə 1923-cü ildə qəbul edilən "Acerbo Qanunu" 25%-dən çox səs qazanan partiyaya parlamentdə yerlərin üçdə ikisini təmin etdi. Bu mexanizm Mussoliniyə parlament çoxluğunu asanlıqla əldə etməyə və rəqabəti aradan qaldırmağa şərait yaratdı.

Bu nümunələr göstərdi ki, “sadə çoxluq demokratiyası”nın hüquqi əngəllər olmadan işləməsi təhlükəlidir. Çoxluğun qərarı hüquqi balans mexanizmləri ilə məhdudlaşdırılmadıqda, demokratiya öz əlləri ilə özünü məhv edə bilər.

Müharibədən sonra yeni yanaşma: “mübariz demokratiya”

İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələri demokratik quruluşlarını qorumaq üçün yeni institusional mexanizmlər qurmağa başladılar. Almaniyanın 1949-cu ildə qəbul edilən Əsas Qanunu (Grundgesetz) bu sahədə ən önəmli nümunələrdən biridir. Belə ki, onun 79(3)-cü maddəsi “əbədilik klauzası”na həsr olunub və orada deyilir: "İnsan ləyaqəti, hüquqi dövlət prinsipi və demokratik quruluş kimi əsas prinsiplərin dəyişdirilməsi qadağan olunur".

Bu, Karl Loewensteinin nəzəriyyəsindəki “mübariz (militant) demokratiya” konsepsiyasının praktiki tətbiqidir. Yəni demokratiya yalnız hüquqların müdafiəsi ilə kifayətlənmir, həm də özünü daxildən dağıtmaq istəyən qüvvələrə qarşı mübarizə aparır.

Kelsenin mirası: konstitusiya məhkəmələrinin rolu

Avropada demokratiya ilə konstitusionalizm arasındakı balansı qoruyan əsas institusional mexanizmlərdən biri konstitusiya məhkəmələridir. Hans Kelsenin 1920-ci ildə Avstriyada yaratdığı model bu gün bütün Avropada tətbiq olunur. Kelsen konstitusiya məhkəməsini “mənfi qanunverici” adlandırırdı – bu orqan parlamentin qəbul etdiyi qanunları yoxlayır və Konstitusiyaya zidd olanları ləğv edir. Bu sistem çoxluğun iradəsinin hüquqi prinsipləri pozmasının qarşısını alır, eyni zamanda demokratik balansı qoruyur.

Demokratiyanın iki üzü: çoxluq və konsensus

Hollandiyalı politoloq Arend Lijphart demokratiyanı iki əsas tipə bölür:

1. Çoxluq demokratiyası (majoritar model): Qalib tərəf bütün gücü ələ alır və azlıq yalnız müşahidəçi mövqeyində qalır.

2. Konsensus demokratiyası: Güc bölüşdürülür, qərarlar isə geniş razılaşma əsasında qəbul edilir.

Avropada faşizmin acı təcrübələrindən sonra bir çox ölkə konsensus modelinə keçdi. Bu modeldə güclü məhkəmə nəzarəti, nisbi seçki sistemi, koalisiya hökumətləri və iki palatalı parlament kimi elementlər çoxluğun hökmünü balanslaşdırır.

Alimlərin nəzəri mübahisələri: hüquq və xalq iradəsi arasında

Bu mövzu yalnız praktikada deyil, nəzəriyyədə də müzakirə edilir. Alexander Bickel məhkəmə nəzarətinin “əks-majoritar çətinlik” yaratdığını deyir: seçilməmiş hakimlər xalqın seçdiyi parlamentin qərarlarını ləğv etdikdə, bu demokratiya ilə necə uzlaşır?

Jeremy Waldron yaxşı işləyən parlament sistemlərində əsas qərarları məhkəmələr deyil, seçilmiş orqanların qəbul etməsinin daha legitim olduğunu müdafiə edir.

Ronald Dworkin isə bəzi hüquqların “kozır” xarakteri daşıdığını, yəni heç bir çoxluğun qərarı ilə məhdudlaşdırıla bilməyəcəyini vurğulayır.

Jürgen Habermas hüquqlar və xalq suverenliyinin bir-birinə zidd olmadığını, əksinə, bir-birini tamamladığını bildirir. Onun fikrincə, hüquqlar demokratik müzakirənin özünü mümkün edən əsas şərtlərdir.

Supramilli nəzarət: Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa modelində milli səviyyədəki hüquqi hüdudları gücləndirən ikinci qat Avropa İnsan Hüquqları Məhkəməsidir (AİHM). AİHM-in qərarları məcburi öhdəliklər yaradır və onların icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Bu, milli çoxluğun insan hüquqlarına zidd qərarlar qəbul etməsinin qarşısını almaq üçün əlavə qoruyucu rol oynayır.

Nəticə: Hakimiyyət səlahiyyətlərinin hüdudları olmadan demokratiya yaşaya bilməz

Tarixi təcrübələr, nəzəri mübahisələr və müasir siyasi proseslər göstərir ki, demokratiya yalnız xalqın iradəsinə əsaslanan idarəetmə sistemi kimi qaldıqda özünü məhv etmə riski ilə üz-üzədir. XX əsrin faciəvi hadisələri Almaniya və İtaliya təcrübəsində sübut etdi ki, hüquqi məhdudiyyətlər olmadan çoxluğun hökmü avtoritarizmin alətinə çevrilə bilər. Məhz bu dərslər nəticəsində Avropa konstitusional demokratiya modelinə keçid etdi.

Bu modelin əsas sütunları bunlardır:

Fundamental hüquqların qorunması və dəyişdirilməzliyi;

Parlamentin gücünü məhdudlaşdıran məhkəmə nəzarəti;

Antidemokratik qüvvələrə qarşı mübarizə aparan “mübariz demokratiya” prinsipləri;

Azlıqların hüquqlarını qoruyan plüralist, konsensus əsaslı idarəetmə mexanizmləri;

Avropa İnsan Hüquqları Məhkəməsi kimi supramilli müdafiə strukturları.

Beləliklə, bu gün dünyada “illiberal demokratiya” adlanan tendensiyaların yüksəlişi bir daha göstərir ki, demokratiyanın gələcəyi yalnız çoxluğun hökmündə deyil, hakimiyyət səlahiyyətlərinin hüdudunda qorunur. Demokratiyanı yaşatmaq üçün onu demokratiyanın özündən – yəni nəzarətsiz çoxluq hökmündən – qorumaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
lent.az

1Sources