EN

Kamal Abdulla İsrailin Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla sentyabrın 22-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan və İsrail arasında sıx iqtisadi, elmi, mədəni əlaqələrin mövcudluğu vurğulanıb.

Rektor vurğulayıb ki, son illər ADU-da beynəlxalq əlaqələrin genişləndirilməsi həm elmi, həm də mədəni əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir:

“İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək. İsrailin elmi, mədəni təcrübəsi bizim üçün çox önəmlidir. Bu təcrübədən istifadə etmək və elmi əlaqələrimizin inkişafına töhfə vermək arzusundayıq”.

Kamal Abdulla səfirə ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, universitetdə fəaliyyət göstərən İsrail mərkəzi öz işini uğurla davam etdirir.

Görüşdə ADU-nun QS reytinqlər cədvəlində “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 200 universitetinin siyahısına daxil olması, beynəlxalq nüfuzunun artması barəsində fikir mübadiləsi aparılıb.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU-da olmaqdan məmnun olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımların atılması üçün ortaq razılıq əldə olunub.

Chosen
19
1
axar.az

2Sources