EN

Xocalı soyqırımı, Qarakənd faciəsi cinayətlərinə məhkəmə baxışı

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.1992-ci ilin fevralında Şuşa rayonunun kəndinə hücum zamanı çox sayda insan öldürülüb, bir neçə nəfər itkin düşüb. Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs girov götürülüb.

1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb. 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli kəndinin silahlılarınhücumu zamanı çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təqsirləndirilən şəxs David Manukyan söz alaraq - “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını” məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxs David Babayan isə “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib: “O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrə elan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarında Azərbaycanın Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, Dövlət katibi Tofiq İsmayılov, Baş nazirin müavini Zülfü Hacıyev, Milli Məclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Saylal Serikov Dosumoviç, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist Alı Mustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavənd rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib, vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmiş qırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.

Daha bir sənəd Əsgərova Salatın Əziz qızı və digərlərinin öldürülməsi faktı üzrə olub.

1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddə göstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraq partlayıb, 42 nəfər ölüb.

Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətə çatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazinin üzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərində evlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən 500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalı avtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zaman həmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupunun olduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəmə iclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiq edildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunmasını xahiş edib.

Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak etdiyini söyləyir.

Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
36
xalqqazeti.az

10Sources