EN

“PeşəFest”in növbəti ünvanı Tovuz olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) “PeşəFest-2025” festivalı Tovuz rayonunda keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Festivalda millət vəkili Nizami Səfərov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, ətraf rayonlardan dövlət və özəl təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun yeniyetmə və gənclərinin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimi etmələrində “PeşəFest”in rolunu yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Nizami Səfərov gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında “PeşəFest”in xüsusi rolu olduğunu, DMA-nın sədri S.Əliyev “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə etdiyini bildirib.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

Festivalın növbəti ünvanı sentyabrın 24-də Göygöl rayonunda Heydər Əliyev parkı olacaq.

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Chosen
8
13
azertag.az

10Sources