EN

Xanımının Adnanla bağlı addımı müzakirə yaratdı

Azərbaycan ictimaiyyətində zaman-zaman maraq doğuran bir tendensiya var. Vəzifəli şəxslər və iş adamları korrupsiya ittihamı ilə həbs olunduqdan sonra dini dəyərlərə, xüsusilə də Qurana və ibadətə üz tuturlar. 2005-ci ildə həbs olunan sabiq səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər yüksək vəzifəli şəxslər haqqında yayılan ilk xəbərlərdə onların ibadətlə məşğul olduqları vurğulanırdı.

Bu dəfə isə həbs edilən SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin xanımı Gülsəfa Cəfərova sosial şəbəkə hesabında Qurandan “Hud” sürəsinin 18-ci ayəsini paylaşıb.

KONKRET.az xəbər verir ki, Globalinfo-ya danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, adətən türməyə düşənlər tövbə edib haqq yoluna qayıdırlar:

heyder

Heydər Oğuz

“Adnanın yoldaşının sosial şəbəkələrdə Qurandan ayələr paylaşmasının arxasında hansı səbəblər dayanır, bilə bilmərik. Azərbaycanın milyardlarını xarici məşhurlara xərcləyib, özünə reytinq qazanan Əhmədzadə ailəsinin islah olub-olmadığını müəyyənləşdirməyi Allahın ixtiyarına buraxıram və bu əməlin konkret maddi zərərləri barədə danışmaq istəyirəm. Əgər iddialar doğrudursa, Adnan Əhmədzadənin “Azəri Light” markalı nefti Rusiyadan alınan çirkli neftlə qarışdırması nəticəsində hazırda bizim dövlət gəlirlərimizə sarsıdıcı zərbələr vurulub. Neftimizin qiyməti 6-7 dollar aşağı düşüb. Bu isə indiyədək milyardlarla dollar itirməyimiz deməkdir. Ən pisi isə odur ki, dünyaca məşhur brendimiz də nüfuzdan düşüb. Onun nüfuzunu bərpa etmək, düşmən təbliğatının qarşısını almaq və özümüzü yenidən etibarlı tərəfdaş kimi tanıtmaq üçün uzun illər çalışmalı olacağıq. Bu illər ərzində isə itkilərimiz bəlkə də 10 milyardlara yüksələcək”.

İlahiyyatçı Tural İrfan deyib ki, Quran ayələrini günah əməllərə alət etmək daha böyük günahdır:

“Həmin ayələrə vaxtında əməl etmək, riayət etmək lazım idi. İş-işdən keçəndən sonra tövbə qapısı bağlanır. Yoxsa hamı bütün günahlara yol verər, axırda bir kəlmə tövbə edib, xilas olardı. Belə deyil. Tövbə üçün haqqını yediyin, narazı saldığın bütün insanların haqqını qaytarmalısan, halallıq almalısan”.

Tural

Tural İrfan

İlahiyyatçı onu da vurğulayıb ki, zənginlər, vəzifəlilər əllərində fürsət olanda Allahı unudurlar:

“Elə ki dara düşdülər, Allah, Quran yada düşür. Çoxu yeyib-talayır, sonra da Həccə gedir. Yaxud məscid tikdirir. Sanır ki, günahları əfv olunacaq. Sanki Allaha rüşvət təklif edirlər. Bundan böyük bağışlanmaz günah yoxdur. Allahın ayələri oyun-oyuncaq deyil ki, onu əməllərinə qalxan etsinlər. Məgər həmin şəxslər həyatını Qurana uyğun yaşayıb ki, indi də Qurandan ayə gətirirlər? Allahı aldatmaq istəyirlər? Xeyr, bu əsla mümkün deyil. İlahi kitabda buyrulur: “Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində (Allah) onların hiylələrini və oyunlarını pozar.” Nisa surəsi, 142”.

Psixoloq Nizami Orucov deyib ki, insan həyatında ən güclü sığınacaq hissi çətinliklər zamanı üzə çıxır:

“Normalda özünü güclü, imkanlı və toxunulmaz görən adam hər hansı bir böhranla, xüsusən də azadlıq itkisi, nüfuzun zədələnməsi, gələcək naməlumluğu ilə üzləşəndə daxilində dərin qorxu və zəiflik hissi yaşayır. Bu anda beyin avtomatik olaraq ümid mənbəyi axtarır. İllərlə arxa planda qalan dini inanclar və uşaq vaxtından eşitdiyi dini mesajlar bu mənbə rolunu oynayır. Psixoloji baxımdan bu, həm müdafiə mexanizmi, həm də emosional tənzimləmə üsuludur. İnsan dua və ya ayə paylaşaraq sanki “tənha deyiləm, mənim üzərimdə nəzarət edən, məni eşidən bir qüvvə var” düşüncəsini aktivləşdirir. Bu, daxili narahatlığı azaldır, günah hissini yumşaldır və yaşanan böhranı mənalandırmağa kömək edir”.

Bütün

Nizami Orucov

Psixoloqun fikrincə, belə davranışlarda günahın yuyulması və bağışlanma ehtiyacı da var:

“Çünki insan psixikasında “cəzaya görə peşmanlıq” mexanizmi yarananda, bu peşmanlığı azaltmaq üçün mənəvi dayaqlara üz tutulur. Xüsusən də dini simvollar, Quran, dua, ayə paylaşmaq insanın həm özünə təsəlli verir, həm də başqalarının gözündə daha “yumşaq” obraz yaratmasına xidmət edir. Beləliklə, çətin vəziyyətdə dinə sığınmaq çox vaxt içgüdəvi psixoloji ehtiyacdır. Bu, insanın zəiflik anında özünü tək hiss etməmək, ümid tapmaq və günahkarlıqla baş etmək cəhdidir”.

Chosen
7
1
konkret.az

2Sources