EN

III Bakı Təhlükəsizlik Forumu təşkil olunub - VİDEO

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bu barədə Sherg.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.

Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.


Chosen
3
42
sherg.az

10Sources