EN

Bakı “parçalanmış qlobal iqtisadiyyat”ı əməkşdalığa çağırır

Azərbaycan dünyaya inteqrasiya zəminində sabahın yaşıl iqtisadiyyatını qurur  

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ölkəmizin iqtisadi strategiyasının yeni mərhələsini nümayiş etdirir. Forum beynəlxalq tərəfdaşlara Azərbaycanın gələcək inkişaf istiqamətlərini təqdim etməklə yanaşı, həm də qlobal çağırışlar fonunda ölkəmizin rolunu aydın şəkildə ortaya qoyur. Beynəlxalq məclisin əsas mövzusu — “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” olub. Bununla yanaşı, yaşıl enerji və iqtisadiyyat ideyasının ön plana çıxmasını gündəmdə saxlanılıb. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində məhz bu istiqamətə xüsusi yer ayırması deyilənlərin təsdiqidir.

Forumun açılış mərasimində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, “The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli, İqtisadiyyat naziri Mikayıl Cabbarov, “Sea Breeze” turizm zonasının təsisçisi və rəhbəri Emin Ağalarov və digər rəsmi beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər. Ümumilikdə foruma mindən çox nümayəndə — dövlət rəsmiləri, beynəlxalq və yerli şirkətlərin rəhbərləri, maliyyə institutları, investorlar və beyin mərkəzlərinin təmsilçiləri qatılıblar.

Prezident İlham Əliyevin müraciəti forumun strateji istiqamətini müəyyənləşdirən əsas xətt olub. Dövlət başçısı bildirib ki, Azərbaycan ənənəvi enerji resurslarından əldə etdiyi üstünlükləri qorumaqla yanaşı, yaşıl iqtisadiyyatı inkişaf etdirməyi prioritet hesab edir. Onun sözlərinə görə, neft-qaz ölkəsi kimi zəngin təbii sərvətlərə malik Azərbaycan artıq alternativ enerji sahəsində də ciddi addımlar atır və qarşıdakı illərdə yaşıl iqtisadiyyata keçidi sürətləndirmək niyyətindədir.  Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.

Müraciətdə vurğulanan rəqəmlər göstərdi ki, bu strategiya real baza üzərində qurulub. 2004–2024-cü illər ərzində ölkəyə ümumilikdə 344,4 milyard ABŞ dolları investisiya cəlb olunub. Bunun 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşüb. 2021–2024-cü illərdə isə qeyri-neft sektorunun illik orta artımı 6,7 faiz təşkil edib. Bu göstəricilər Azərbaycanın yeni iqtisadi kursunu — yaşıl enerji və davamlı inkişafı maliyyələşdirmək imkanına malik olduğunu sübut edir.

Prezidentin müraciətində Azərbaycanın investisiya mühitinin əlverişliliyinə də xüsusi diqqət çəkildi. Dövlət-özəl tərəfdaşlığı, hüquqi zəminin gücləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, yeni sənaye parklarının yaradılması investorların marağını artıran əsas amillərdəndir. Bu layihələr yaşıl iqtisadiyyatın qurulmasında lokomotiv rolunu oynayır.

Yaşıl iqtisadiyyat yalnız enerji layihələrindən ibarət deyil. Forumda su resurslarının qorunması məsələsi də ön plana çəkilib. Azərbaycanın içməli su ilə bağlı riskli ölkələr sırasında yer alması hökuməti yeni tədbirlər görməyə vadar edir. Bu məqsədlə yağış sularının toplanması, kollektorların qurulması və Xəzər dənizində duzsuzlaşdırma zavodlarının inşası nəzərdə tutulur. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində müvafiq layihələrin reallaşdırılması gündəmdədir.

Qeyd edək ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində dəyəri 5,5 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həmin sənədlər investisiya layihələrini əhatə edəcək. Avqustun 8-də Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədin məntiqi nəticəsi kimi Cənubi Qafqazda iqtisadi fəallığın artırılması üçün imkanlar genişlənməkdədir.”

AIIF-2025 göstərdi ki, Azərbaycanın iqtisadi inkişafının ana xətti yaşıl iqtisadiyyatın qurulmasıdır. Ölkə yalnız ənənəvi enerji resurslarına güvənmir, həm də alternativ enerji və davamlı inkişaf sahəsində yeni prioritetlər müəyyənləşdirir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, ixrac imkanlarını genişləndirəcək və ölkəmizi regionda yaşıl iqtisadiyyatın liderlərindən birinə çevirəcək.

Nurlan ABDALOV

XQ

Elman SADIQOV

İqtisadçı- ekspert

Azərbaycan son illərdə yaşıl enerji və yaşıl iqtisadiyyat strategiyası formalaşdırır. Bu, hazırda bütün dünyada, xüsusilə də inkişaf etmiş ölkələrdə geniş yayılmaqda olan bir tendensiyadır. Azərbaycan isə neft-qaz ölkəsi kimi böyük enerji resurslarına malik olmaqla yanaşı, gələcəkdə bu strategiyaya yaşıl enerji istiqamətini də əlavə etməyi qarşısına məqsəd qoyub və bu sahədə artıq konkret addımlar atılır. Ölkəmizin yaşıl enerji potensialı olduqca genişdir. Azərbaycan həm külək, həm də günəş enerjisi baxımından əlverişli imkanlara sahib olan dövlətlərdən biridir.

Xəzər dənizində külək enerjisi potensialı təxminən 150 qiqavat həcmində qiymətləndirilir. Bundan əlavə, quruda külək və günəş enerjisindən təxminən 27 qiqavat elektrik enerjisi hasil etmək mümkündür. Yalnız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 6–10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. İstehsal ediləcək elektrik enerjisinin isə təqribən 80 faizdən çoxunun ixraca yönəldilməsi planlaşdırılır. Əgər Azərbaycan bu göstəricilərin yalnız yarısını, yaxud üçdə birini reallaşdırsa, bu, İsveç kimi bir ölkənin bir illik elektrik enerjisi tələbatını ödəmək deməkdir.

Yəni, Azərbaycan yaşıl enerji potensialının üçdə birini reallaşdırıb ixraca yönəltsə, nəticə etibarilə Avropanın böyük dövlətlərindən birinin illik enerji ehtiyacını ödəyə biləcək. Bu isə ölkəmizin nə qədər böyük potensiala sahib olduğunu sübut edir. Avropa İttifaqı gələcəkdə enerji təhlükəsizliyi məsələsini əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Çünki artıq alternativ enerji mənbələri ənənəvi yanacaq resurslarını əvəzləməyə başlayır. Növbəti onilliklərdə enerji təhlükəsizliyi elektrik enerjisi ilə ölçüləcək. Elektrik enerjisinə tələbat isə hər il sürətlə artır.

Bu artımın başlıca səbəbləri elektromobillərin çoxalması, sənayenin robotlaşdırılması, avtomatlaşdırma proseslərinin güclənməsi, rəqəmsallaşmanın sürətlənməsi və kriptovalyuta sektorunun inkişafı ilə bağlıdır. Bu amillərin hamısı böyük həcmdə elektrik enerjisinə ehtiyac yaradır. Deməli, gələcək tamamilə elektrik üzərində qurulacaq. Hər bir ölkənin inkişaf səviyyəsi də onun elektrik enerjisi ilə təminat imkanlarından asılı olacaq. Bu isə çox mühüm strateji faktordur.

Ekspert rəyi

Vüqar BAYRAMOV

Milli Məclisin deputatı

AİİF 2025 çərçivəsində “yaşıl” iqtisadiyyat məsələsinin gündəmdə olması olduqca təbiidir. Məlumdur ki, Azərbaycan enerji sektorunda innovativ sahələrin inkişafı dəstəklənir. Nəzərə alsaq ki, Azərbaycan regionda yaşıl enerjiyə ən çox investisiya cəlb edən ölkələrdən biridir, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Son illərdə ölkəmiz yaşıl enerji sahəsinə 1 milyard dollardan artıq xarici sərmayə cəlb edib.

Eyni zamanda, digər aidiyyəti dövlət qurumları yaşıl enerji layihələrinin inkişafını yaxından dəstəkləyir. Ölkə başçısının müraciət mətnində qeyd olunduğu kimi, bu istiqamətdə vəsaitlər ayrılır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonasına çevrilməsi üçün intensiv işlər davam etdirilir.

Bildiyiniz kimi, Azərbaycan yaşıl enerji ilə bağlı konkret hədəflərini açıqlayıb. Belə ki, 2030-cu ilədək ölkədə elektrik enerjisində yaşıl mənbələrin payının 35 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, karbon emissiyalarının 40 faizə qədər azaldılması planlaşdırılır.

Azərbaycan yaşıl enerji siyasətini genişləndirməklə yalnız ənənəvi məhsulların deyil, həm də innovativ texnologiyaların ixracını təmin etməyi hədəfləyir. Bu, ölkəmizin Avropa bazarlarında strateji tərəfdaş kimi rolunu daha da gücləndirəcək.

 

Chosen
9
2
xalqqazeti.az

3Sources