EN

Rusiyanın kəşfiyyat gəmisi Bakıya yaxınlaşır Moskva Xəzərdə nə planlaşdırır?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Rəsul Həmzətov” adlı sərhəd gözətçi gəmisinin sentyabrın 23-də Bakı limanına səfər edəcəyi haqda məlumat yayılıb. Bu barədə açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinq zamanı verib. Onun sözlərinə görə, gəmi sentyabrın 25-dək Bakı limanında qalacaq.

Zaxarova bildirib ki, səfər iki ölkə arasında təsdiqlənmiş əməkdaşlıq planı çərçivəsində həyata keçirilir. O, həmçinin vurğulayıb ki, bu hadisə Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa və Xəzər regionunda əlaqələrin möhkəmləndirilməsinə hazırlığın göstəricisidir.

Bakı-Moskva münasibətlərinin gərgin olduğu dönəmdə FTX-yə məxsus gəminin Bakı limanında lövbər salması xüsusi diqqət çəkir. Bu addım gərgin fon kontekstində bir qədər anlaşılmazlıq və suallar yaradır.

Nə baş verir? Rusiya kəşfiyyat xidmətinə bağlı bu sirli gəmi ölkəmizə nədən və hansı məqsədlə gəlir?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, Azərbaycanla Rusiya arasında uzun tarixə malik münasibətlər mövcuddur. Bu münasibətlər sistemi iki ölkə arasında qısa müddətdə kəsilə bilməyən siyasi və iqtisadi əlaqələr formalaşdırıb:

“Münasibətlərdə müəyyən zaman kəsiyində yaranan gərginliklər tarixi əlaqələrin yaratdığı müsbət dəyərlərin üzərindən xətt çəkə bilməz. Ona görə də mövcud gərginliyi bütün münasibətlərin sonu kimi qiymətləndirmək düzgün olmazdı.

Hazırkı gərginliyin baiskarı Rusiyadır. Rusiya öz qonşuları ilə bərabərhüquqlu münasibətlər qura bilmir, özünü yenə də imperiya kimi aparmağa çalışır. Bu isə müasir dünyada formalaşan qaydalara uyğun gəlmir və böhranlar yaradır.

Mütəllim Rəhimli

Belə davranışlar qonşularını Rusiyadan soyudur. O, sonradan əvvəlki münasibətləri bərpa etmək üçün külli miqdarda vəsait və enerji sərf etmək məcburiyyətində qalır.

“Rəsul Həmzətov” gəmisinin Bakı limanına yan almasını və burada iki gün qalmasını ölkəmizə qarşı təhdid kimi qiymətləndirmək doğru deyil. Bu, silahlanmış ordu ilə təchiz edilmiş gəmi hesab olunmur. Gəmi rəsmi icazə ilə ölkəmizin dəniz sularına daxil olub. İcazə ilə gələn birindən hansı təhlükə ola bilər?! Əksinə, bunu Rusiyanın peşmançılığı kimi qiymətləndirmək mümkündür. Çünki cənub sərhədlərində Azərbaycandan kənar etibarlı təhlükəsizlik zonası yarada bilməz. Ona görə də özünü strateji tərəfdaşa uyğun apara bilməsə də, ölkəmizlə əlaqələrə səthi yanaşmaq ona sərfəli deyil.

İllərlə formalaşan əlaqələrin tamamilə kəsilməsi mümkün deyil və bu əlaqələrin zəifləməsinin əziyyətini daha çox qarşı tərəf çəkəcək.

FTX-yə məxsus gəminin Azərbaycan sularına daxil olması rəsmi Moskva üçün həm də böyük psixoloji əhəmiyyət daşıyır. Belə ki, Rusiya indiki çətin günlərində bütün dünyaya Azərbaycanla əlaqələrinin kifayət qədər yaxşı olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyini göstərir. Ancaq unutmamalıdır ki, ona bu fürsəti rəsmi Bakı yaradıb və bu, həmişə olmaya da bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
globalinfo.az

2Sources