EN

Spirtli yarasalar, pizza yeyən kərtənkələlər: İlin ən absurd kəşfləri açıqlandı

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bir çox alimlər Nobel Mükafatını qazanmağı xəyal edir; bu mükafat onlara dünya miqyasında tanınma, nüfuz və Albert Eynşteyn, Mariya Küri, Frensis Krik kimi adlarla eyni "böyük şəxsiyyətlər panteonunda” yer alma imkanı verir.

Bir də insanları əvvəl güldürən, sonra düşündürən araşdırmaları mükafatlandırmaq üçün nəzərdə tutulan "Ig Nobel Mükafatları” var.

Qaynarinfo xəbər verir ki, bu ilki Ig Nobel qalibləri arasında Toqodakı bir sahil qəsəbəsində göy qurşağı kərtənkələlərinin ən çox sevdiyi pizza növlərini araşdıran qidalanma mükafatı (kərtənkələlərin sevimlisi "dörd pendirli pizza”) və "cacio e pepe” sousunu mükəmməl hazırlamağın fiziki incəliklərini açıqlayan fizika mükafatı var.

İspaniyanın Barselona Universitetindən fizik Giacomo Bartolucci "cacio e pepe” işi ilə bağlı deyib ki, bu, elmdə yaradıcılığı mükafatlandırmağın ən böyük yoludur:

"Məqsədimiz həm marağımızı doyurmaq, həm də gündəlik həyatda rast gəlinən sadə problemlərin maraqlı elmi məsələlərə çevrilə biləcəyini göstərmək idi”.

Absurdluğu bayram etmək

Ig Nobel Mükafatları 1991-ci ildə satirik jurnal Annals of Improbable Research-in redaktoru Mark Abrahams tərəfindən təsis olunub.

Əvvəlki qaliblər arasında orqazmın burun tıxanıqlığını aça biləcəyini göstərən araşdırma, maqnitlərlə canlı qurbağaların havaya qaldırılması və ördəklərdə nekrofiliya üzərində aparılan tədqiqatlar kimi maraqlı işlər var.

Başlanğıcda bu mükafatı almaq bəziləri tərəfindən alçaldıcı sayılırdı. Abrahams bildirir ki, Böyük Britaniya hökumətinin keçmiş baş elmi müşaviri Robert Mey İngilis alimlərinə bu mükafatın verilməməsini tələb edən hiddətli bir məktub yazmışdı.

Lakin zaman keçdikcə Ig Nobel Mükafatları özlüyündə karyeranı dəyişdirən bir nüfuz qazanıb.

Scientific American-a görə, Almaniyanın Frayburq Universitetindən psixoloq Fritz Renner bu ilki Sülh Mükafatını alkoqol qəbul etməyin xarici dildə danışma bacarığını artıra biləcəyini göstərən işi ilə qazanıb.

Renner bildirib ki, Vyanada keçirilən beynəlxalq konfransın sonunda bir bardaykən həmkarımız zarafatla dedi ki, içki içəndə ingiliscələri daha yaxşı olur. Bu fikir elmi araşdırmaya çevrilib.

2025-in Ig Nobel mükafatçıları

Ədəbiyyat: Uilyam Bin, 35 il ərzində bir dırnağının böyümə sürətini qeyd edib təhlil edərək mükafata layiq görülüb.

Psixologiya: Marcin Zajenkowski və Gilles Gignac, narsist olduğunu dediyiniz şəxsin reaksiyalarını araşdıraraq qalib olublar.

Qidalanma: Daniele Dendi və komandası bəzi kərtənkələlərin müəyyən pizza növlərinə üstünlük vermə vərdişlərini araşdırıb.

Uşaq sağlamlığı: Julie Mennella və Gary Beauchamp, əmizdirilən körpələrin anaları sarımsaq yedikdə nə hiss etdiklərini öyrəniblər.

Biologiya: Tomoki Kojima və komandası zolaqlı (zebra naxışlı) boyanmış inəklərin milçəklərdən qorunub-qorunmadığını araşdırıb.

Kimya: Rotem Naftalovich və komandası Teflon yeməyin qida həcmini artırıb doyumluluğa təsir edib-etmədiyini test edib.

Sülh: Fritz Renner və komandası az miqdarda alkoqolun xarici dildə danışma bacarığını artıra biləcəyini göstərib.

Mühəndislik: Vikash Kumar və Sarthak Mittal pis qoxulu ayaqqabıların ayaqqabı rəfi təcrübəsinə necə təsir etdiyini analiz ediblər.

Aviasiya: Fransisko Sanches və komandası alkoqolun yarasaların uçuş və ekolokasiya qabiliyyətinə təsirini araşdırıb.

Fizika: Giacomo Bartolucci və komandası "cacio e pepe” sousunun faz keçidləri və topaqlanma problemlərini həll edərək ideal makaron sousunu hazırlayıb.

Boston Universitetində keçirilən mükafatlandırma mərasimi kağız təyyarələrlə bəzədilmiş əyləncəli bir tədbir kimi baş tutub. Abrahams qaliblərin özlərini gözlənilməz şəkildə təqdim etdiyini və bir-biriləri ilə qarşılıqlı əlaqədə olduqlarını deyir.

Renner bu mükafatların sadəcə əyləncə olmadığını vurğulayır:

"Bu mükafatlar gündəlik fərziyyələri diqqətlə araşdırmağı və elmi marağı təşviq etməyi hədəfləyir. Yalan məlumat və ‘saxta xəbər’ dövründə bu, çox dəyərli bir mesajdır.”

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
qaynarinfo.az

1Sources