EN

Adnan Əhmədzadənin DTX-da ilk günü

Yaşadığı zəngin həyatının hər anını ictimailəşdirməkdən çəkinməyən iş adamı Adnan Əhmədzadənin həbsi ətrafındakı müzakirələr  onun ittiham olunduğu cinayətdən daha çox həyat tərzi ətrafında aparılır.

Adnan Əhmədzadə indi DTX-nın İstintaq Təcridxanasındadır.

Bir zamanlar yolu o təcridxanaya düşən adam kimi Adnanın oradakı ilk gününü təsvir edim.

Əvvala onu deyim ki, Prezidentdən medal alması, ölkə başçısı ilə zaman-zaman görüşü, Messini Azərbaycana gətirməsi və sair hallar onu böyük ehtimalla öz nəzərində toxunulmaz etmişdi.

Bu cür adamlar isə həbs kimi məhrumiyyətli həyata psixoloji cəhətdən hazır olmur.

Ona görə də Adnan DTX-ya “sönmüş” vəziyyətdə daxil olub.

Bir neçə saatını istintaq otağında yaxud da rəhbərlikdən kiminsə sorğu- sualında keçirən Adnan əsl şokdan  sonuncu mərtəbəyə- təcridxanaya qalxanda ayılır.

Bu dəfə onun üzünə  harasa getdiyində  taybatay açılan İtaliya istehsalı olan dəbdəbəli qapılardan  deyil.

Əməliyyatçların təcridxanaya gətirdiyi Adnanın burada  ilk eşitdiyi və həyatının sonuna kimi  unutmayacağı bir səs qulağına həkk olur.

Bu,  böyük açarları dəmir qapılara salanda şaq-şaqqıldayan ağır qapıların səsidir.

Olduqca soyuqqanlı nəzarətçi onu girişdə qəbul edir.

“Niyə tutulmusan, günahın var, yaxud da yoxdur. Bunun bizə heç bir aidiyyəti yoxdur. Burada bütün qaydalara əməl etməlisən” – deyə soyuqqanlı nəzarətçi bu dəfə ondan əllərini qaldıraraq yoxlamaya hazır olmağı tələb edir.

Xatırlayıram, bu söz mənə deyiləndə Eldar Mahmudov başda olmaqla, məni şərləyən hər kəsi uca səslə söymüşdüm və “mənim yerim bura deyil” demişdim.

Üst-baş yoxlanır. Kəmərini verir, ayaqqablarının kəndiri varsa, onu da verir, cibindəki əşyaları da həmçinin təqdim edir.

Və beləcə təcridxana həyatına ilk qədəmlərini basır.

Böyük ehtimalla təkadamlıq kameraya salınır. Bu an nəzarətçi ona başa salır ki, su istəsə qapını taqqıldada bilər.

Saat 22.00 yatmaq vaxtıdır. Yerində uzanmalısan, gəzmək olmaz.

Adnan isə çarəsiz halda çarpayıda oturur, iki əlləri ilə başından bərk-bərk yapışır və var gücü ilə üzünə qədər sürüşdürür.

Ətrafa baxır, yerdə betona bərkidilmiş dəmir masa və ona bitişik oturacag. Qədim hamamlara oxşayan təcridxana otağında gözünə açıq şəraitdə olan unitaz və onun yanında su kranı dəyir.

Başını yuxarı qaldıranda isə əlinin çatmadığı çox yüksəklikdə olan pəncərəni görür.

Bu an beynindən intihar eləmək də keçir.

Şüşəni sındırmaq, özünü doğramaq barədə fikirlər ağlına gəlir.

Vaz keçir.

Sonradan biləcək ki, pəncərədəki şüşə şəffaf plastikdəndir.

Sonrakı günlər o pəncərəyə gələn qonaqlarını  – göyərçinləri görəcək.

Hə, bir də Alov Qüllələrinin gecə ətrafa yayılan işıqları da onun bədənini başqa bir qərbiçlik hissi ilə bürüyəcək.

Fikirlərə daldığı an yenə də ağır iri açarların qapıya taxıldığını hiss edir  və ayağa qalxır.

Nəzarətçi əlində gətirdiyi alüminium boşqab və stəkanı göstərərək “yeyəndən sonra yuyarsan” deyərək gətirdiklərini ona verir.

Xatırlayıram, çox təəccüblənmişdim,  sual da etmişdim ki, bu nədir, bunda yemək yeyirlər?

Yəqin ki, Adnan bu sualı vermədən səssizcə qab-qacağını qəbul edir.

Uşaqları, ailəsi gözündə canlanır. Həyatın artıq onun üçün bitdiyini düşünür. Bilir ki, qurtulması mümkün olmayan  dərin və qaranlıq quyunun dibindədir.

Odboy” vaxtıdırsa, uzanır. Səhərə kimi yata bilmir.

Düşüncələr onu çox uzaqlara aparır. Arada onu bu fikirlərdən ayıran isə nəzarətçinin qapıya yaxınlaşıb gözlükdən onu güdməsini hiss etməsi olur .

Təzə məhbus olanda nəzarətçilər səhərə kimi onu davamlı nəzarətdə saxlamalıdır.

Adnan səhərə kimi “dağı-arana, aranı da dağa daşıya-daşıya” qalır. Səhərə yaxın yuxu onu aparır.

Amma gözünün acısını açmağa macal tapmamış saat 6-olur.

Dəhlizdən “Qalx” komandası onun yuxusuna haram qatır.

Oyanır və yerini qaydaya salır, çarpayıda oturur.

Bir az keçəndən sonra qapısının üstündəki “fortuşka” açılır nəzarətçi ona yemək təklif edir.

Axşamdan ona verilən kasanı uzadır. Nəzarətçi bir çömçə mannanı tökür, kasa alüminium olduğundan əlini yandırır.

Eyni acını çay alanda da yaşayır.

1-2 saniyə içərisində masaya qoymasa adamı qışqırdacaq səviyyədə əllərini yanır.

İlk gündür, heç nə boğazından keçəsi deyil.

Cəhd edir ki, bir -iki qaşıq da olsa udsun, amma manna belə boğazından keçmir ki, keçmir.

Keçəsi də deyil.

Amma alışacaq, insan oğlu hər zülmə tabedir.

Həyat isə davam edir…

Pərviz Həşimli 

Chosen
3
4
moderator.az

5Sources