EN

Dövlət qurumlarının əməkdaşları arasında intellektual bilik yarışı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dövlət qurumlarının əməkdaşları arasında intellektual bilik yarışı təşkil olunub. SİA xəbər verir ki, öncə tədbir iştirakçıları əlilliyi olan şəxslərin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət Himni səsələndirilib, Ulu Öndərin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev yarış barədə məlumat verib. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən yarışda dövlət qurumlarının əməkdaşlarından ibarət 26 komanda öz intellektual bacarıqlarını nümayiş etdirib.

Yarışı izləyənlər arasında dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digər qonaqlar da olub.

Dinamik mübarizə şəraitində keçən yarışda komandalar qalibiyyət uğrunda mübarizə aparıblar.

Dövlət Gömrük Komitəsinin komandası ən yüksək xal toplayaraq yarışın qalibi olub.

Mükafatlandırma mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak ediblər.

Nazir Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və xüsusi diqqəti ilə hazırlanan Konstitusiyanın qəbulundan sonra dövlət idarəçiliyinin, siyasi sistem və hüquqi münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb.

Xalqın rifahının yüksəldilməsinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin əsas məqsədlərindən biri kimi bəyan olunduğu Konstitusiyamızın sonrakı islahatların və inkişafın hüquqi bazası olduğunu vurğulayıb.

Digər çıxış edənlər intellektual yarışın əməkdaşların dünyagörüşünün, intellektual səviyyəsinin, analitik düşüncə bacarığının inkişafının stimullaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər. Bu kimi yarışların bilik səviyyəsinin artırılmasında, analitik düşünmə qabiliyyətinin inkişafında önəmli olduğu bildirilib.

Sonda qalib komandalar mükafatlandırılıb, ilk üç yeri tutanlara sertifikat, medal və hədiyyələr, qalib komandaya kubok təqdim edilib.

Chosen
5
4
sia.az

5Sources