ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Qərb, xüsusilə də Avropa dövlətləri Fələstin məsələsində İsrailin mövqeyindən uzaqlaşır
Yaxın Şərqdə davam edən Fələstin böhranı beynəlxalq münasibətlər sistemində dərin təsirlər doğurur. Bu məsələ təkcə region daxilində deyil, eyni zamanda Qərb dünyasında da ciddi fikir ayrılıqlarına səbəb olub. Əvvəllər İsrailə vahid mövqedən dəstək verən Qərb ölkələri arasında bu gün artıq fərqli yanaşmalar müşahidə olunur. Xüsusilə Avropa dövlətləri arasında Fələstinin dövlət kimi tanınması ilə bağlı artan dəstək və bununla bağlı atılan konkret addımlar bölgədə və beynəlxalq aləmdə yeni siyasi xəttin formalaşdığını göstərir. ABŞ-nin dəyişməyən mövqeyi fonunda Avropa ilə Vaşinqton arasında bu məsələdə fikir ayrılıqları daha da dərinləşməkdədir. Bu ziddiyyətlərin yaxın gələcəkdə Yaxın Şərqdəki siyasi proseslərə ciddi təsir göstərməsi isə istisna edilmir.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a Fələstin böhranı ilə bağlı məsələnin hazırda Kollektiv Qərbin daxilində də kifayət qədər ciddi ziddiyyətlər yaratdığını söyləyib:

"Avropa Birliyi dövlətləri bu günə qədər İsrailə daha tolerant yanaşırdılar və hətta dəstəkləyirdilər. Ancaq son vaxtlar həm Avropa Birliyi dövlətləri, həm də bu quruma daxil olmayan Böyük Britaniya İsraili Yaxın Şərqdə amansız hərbi əməliyyatlar keçirməkdə günahlandırır və ittiham edirlər. Eyni zamanda buna paralel olaraq da Avropanın nəhəng dövlətləri-Böyük Britaniya, Almanya, İspanya və Fransa kimi dövlətlər Fələstinin müstəqilliyini tanıyacaqlarını bəyan edirlər. Hətta Prezident Makron Fransanın Fələstinin müstəqilliyini BMT-nin baş asambleyasında tanıyacağını artıq rəsmən bəyan edib. Ondan başqa, Portuqalya da, Kanada da rəsmən Fələstin dövlətini tanıdığını bəyan etdilər".
Politoloq İsrail rəsmi dairələrinin müstəqil Fələstin dövlətinin yaradılmayacağını bəyan etdiklərini, lakin buna baxmayaraq bu prosesin də Təl-Əvivin əleyhinə çevrildiyini qeyd edib:
"Qərb dövlətləri, xüsusilə də Avropa dövlətləri Fələstin məsələsində İsrailin mövqeyindən uzaqlaşırlar, Fələstin dövlətçiliyinin tanınması istiqamətində adımlar atırlar. Hətta bəzi Avropa dövlətləri, xüsusilə də İspanya İsrailə qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayırlar. Eyni zamanda bu barədə Avropa Birliyinin rəhbərliyinə təkliflər göndərillər. İspanya öz maraqlarını bir kənara buraxaraq İsrail ilə imzalanmış hərbi müqavilələri artıq ləğv etməyə başlayıb. Bu, Qərb məkanında kəskin ziddiyyətlərə yol açan bir prosesdir".
Müsahibimiz ABŞ-nin İsraili tam şəkildə dəstəklədiyini bildirib:
"İsrail dünyada ABŞ-nin ən yaxın müttəfiqidir. Ona görə də ABŞ Fələstinin müstəqil dövlət kimi tanınması prosesinə müqavimət göstərir, BMT çərçivəsində buna veto qoyur. Bu məsələ yaxın vaxtlarda, Şərqin gələcək taleyi ilə bağlı atılacaq addımlarda özünü göstərə bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.