EN

Kamran Əliyev: Strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır  

Azərbaycan daim sülhün tərəfdarıdır. Belə ki, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib. Lakin BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

Kamran Əliyev xatırladıb ki, bu il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir: "Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda, bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır. Yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda, beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə Baş prokuror diqqətə çatdırıb.

9Sources