EN

Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sistemi tətbiq ediləcək

“İctimai nəqliyyatda dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək”.

Bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur. Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət intervalları qiymətləndirilib. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək. Model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq”.

Chosen
15
19
banco.az

10Sources