EN

Bakı–Şamaxı–Yevlax yolunda təmir işləri nə vaxt aparılacaq?

Respublika əhəmiyyətli Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən bəzi hissələrində hərəkət iştirakçıları çətinliklərlə üzləşirlər.

Bizim.Media xəbər verir ki, buna ikizolaqlı yolun hərəkət hissəsində asfalt örtüyündə qabarmalar və çökmələrin əmələ gəlməsi, asfalt örtüyünün deformasiyaya uğraması səbəb olub ki, bu da sürücülərin narazılığına səbəb olur və yol hərəkətinin təhlükəsizliyinə təsir göstərir.

Yolda digər çətinliklərdən biri isə magistralın hərəkət hissəsində yol nişanlanma xətlərinin olmamasıdır.

Bu hal xüsusilə gecə saatlarında və ya yağışlı hava şəraitində sürücülərin işini çətinləşdirir, hərəkətdə müəyyən risklər yaradır.
 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, sözügedən yolda yaxın günlərdə işlərə başlanılacaq, qabarmaların və çökmələrin müşahidə olunduğu ərazilərə texnika və canlı qüvvə cəlb olunacaq.


“Yol yatağında eroziyaya uğrayan torpaq kütləsi ərazidən kənarlaşdırılacaq, yeni material töküləcək, yol örtüyü frezlənəcək və əraziyə yeni asfalt qatı salınacaq. Bütün bu tədbirlərdən sonra həmin hissələrdə yaranan problemlər tam aradan qaldırılacaq”, - deyə Anar Nəcəfli bildirib.

Sözügedən yolda xətlənməyə gəldikdə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, respublika ərazisində nişanlama xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması mərhələli şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, həmin ərazidə də yaxın vaxtlarda bu istiqamətdə müvafiq işlər icra olunacaq.

Qeyd edək ki, Bakı–Şamaxı–Yevlax magistralı ölkənin əsas avtomobil yollarından biri olmaqla, həm regionlararası əlaqənin təmin edilməsində, həm də turizm marşrutlarının rahat istifadəsində mühüm əhəmiyyət kəsb edir.

Bizim.Media

Chosen
4
1
bizim.media

2Sources