EN

Kim Çen In: Şimali Koreya yeni gizli silah əldə edib

Pxenyan lideri: Denuklearizasiya çağırışları ölkəmizin konstitusiya quruluşuna təhdiddir...

Şimali Koreya lideri Kim Çen In ölkəsinin yeni gizli silah əldə etdiyini bəyan edib. 

Poliqon xəbər verir ki, Kim Çen In bu açıqlamanı Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisinin iclasında səsləndirib.

“Biz yeni gizli silah əldə etmişik. Müdafiə elmi və tədqiqatları sahəsində mühüm nailiyyətlər qazanılıb və bunlar döyüş potensialımızın kəskin şəkildə artmasına böyük töhfə verəcək”, – deyə Kim Çen In vurğulayıb.

Şimali Koreya lideri həmçinin ölkədə yeni esmineslərin yaradıldığını xatırladaraq bunu “dəniz dövlətinin qurulmasında ilk mühüm addım” adlandırıb. Onun sözlərinə görə, KXDR fasiləsiz şəkildə strateji qüvvələrini və seriyalı silahlanma imkanlarını gücləndirir.

Bundan başqa, Kim Çen In ölkəsinin denuklearizasiya ilə bağlı heç bir güzəştə getməyəcəyini bəyan edib. O, Pxenyana qarşı nüvə silahından imtina tələblərini ölkənin konstitusiya quruluşuna yönəlmiş açıq müdaxilə kimi qiymətləndirib.

Qeyd edək ki, Kim Çen In son aylarda dəfələrlə Şimali Koreyanın hərbi-sənaye kompleksinin sürətlə inkişaf etdiyini və strateji qüvvələrin daha da modernləşdirildiyini vurğulayıb. Analitiklərin fikrincə, Pxenyanın bu cür bəyanatları regionda təhlükəsizlik risklərini artırmaqla yanaşı, ABŞ və Cənubi Koreya ilə münasibətləri daha da gərginləşdirə bilər.

Poliqon.info

Chosen
13
poliqon.info

1Sources