EN

Tramp: ABŞ-yə dini qaytaracağıq...

Prezident Çarli Kərk ilə vida mərasimində çıxış edərək “Allahsız ölkə ola bilməz” deyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sağçı aktivist Çarli Kərk ilə vida mərasimində çıxış edərək ölkəyə dini dəyərlərin qaytarılacağına söz verib. Arizona ştatında keçirilən mərasimdə Tramp Amerika cəmiyyətinin təməllərini qorumağın vacibliyini vurğulayıb.

“Biz ABŞ-a dini qaytarmalıyıq. Çünki sərhədlər, qanun, nizam-intizam və din olmadan əslində ölkə də yoxdur. Biz dini Amerikaya qaytarmaq, Tanrını isə bizim gözəl Birləşmiş Ştatlarımıza yenidən gətirmək istəyirik”, – deyə Tramp bildirib.

Çıxışdan sonra Donald Tramp mərhum Çarli Kərkin həyat yoldaşı, hazırda onun yaratdığı Turning Point USA təşkilatına rəhbərlik edən Erika Kərkə başsağlığı verərək onu qucaqlayıb.

Xatırladaq ki, Trampın tərəfdarı kimi tanınan, sağçı siyasi hərəkatın aparıcı simalarından biri olmuş Çarli Kərk sentyabrın 10-da Yuta Vadisi Universitetində tələbələrlə görüş zamanı silahlı hücum nəticəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Tayler Ceyms Robinson isə hadisədən bir gün sonra polis tərəfindən saxlanılıb.

Mərasimdə Trampın çıxışı, həmçinin verdiyi siyasi mesajlar ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Onun “dini ölkəyə qaytarmaq” çağırışı mühafizəkar elektorat tərəfindən alqışlansa da, bir sıra tənqidçilər bunu siyasi məqsədlərlə verilmiş populist bəyanat kimi dəyərləndiriblər.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources