EN

Ekvadorda xarici hərbi bazaların yerləşdirilməsi üzrə referendum keçiriləcək

Səsvermə noyabrda baş tutacaq, ikinci sual isə partiyaların dövlət maliyyələşdirilməsinin ləğvinə aiddir...

Poliqon xəbər verir ki, Ekvador Milli Seçki Şurası ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsi məsələsinin referendum yolu ilə həll olunmasına qərar verib. Referendumun 16 noyabrda keçirilməsi təsdiqlənib. Bundan əlavə, səsvermədə siyasi partiyaların məcburi dövlət maliyyələşdirilməsinin ləğvi ilə bağlı ikinci sual da seçicilərə təqdim ediləcək. Bu barədə məlumat qurumun sədri Diana Atamainin sosial şəbəkələrdə paylaşdığı açıqlamada yer alıb.

Xarici hərbi bazaların yerləşdirilməsi təşəbbüsü hazırkı prezident Daniel Noboaya məxsusdur. O, bunu narkotik qaçaqmalçılığı ilə mübarizə strategiyasının bir hissəsi kimi izah edir. Prezidentin fikrincə, narkokartellərə qarşı effektiv mübarizə aparmaq üçün “digər ölkələrlə birgə hərəkət etmək zəruridir”. ABŞ administrasiyası artıq bu təşəbbüsə dəstəyini bildirib.

Bununla yanaşı, ölkə daxilində müxalifət qüvvələri hökumətin mövqeyini tənqid edərək, xarici hərbi bazaların təhlükəsizlik problemini təkbaşına həll etməyəcəyini vurğulayıblar. Onların fikrincə, hökumət daha çox “narkocinayətkarlığa qarşı dəqiq plan hazırlanmasına” diqqət ayırmalıdır.

Qeyd edək ki, Ekvador Konstitusiyası ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir. Bu qadağa 2008-ci ildə qüvvəyə minmiş dəyişikliklərdən sonra tətbiq olunub. Ondan əvvəl isə ABŞ-ın Ekvadorda on il müddətində fəaliyyət göstərən hərbi bazası mövcud olub.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources