EN

Adnan deyilən oğurluq

Bir gözəl ata sözümüz var, deyir, köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. Bu, neft sektorumuzdan oğurluq etməyə çalışan və haçansa yaxası ələ keçən bütün təxribatçı-ekstremist ünsürlərə aiddir.

Söz oyununa görə sayın oxuculardan üzr istəyirəm, neftimiz dünyada adnan tanınır, amma Adnana görə tanınmırdı axı? Amma adam hər şeyi öz adına çıxmağa başlamışdı. Hətta üzü-üzlər görmüş biz yazıq azərbaycanlılar da ondakı həyasızlığa heyrətlə tamaşa edirdik. Dəbdəbə, bahalı əşyalar, bahalı “dostlar”... Deyən yox idi, bu dəyirmanın suyu axı hardan gəlir? Şükür, gec də olsa deyildi. Əslində bəlkə neftə “haram qatmasa” deyilməyəcəkdi.

Axı sən, necə deyərlər, kim olmusan? Neft satan. Vəssalam. Durbanın baş tərəfinə krantı açıb-bağlamağa kimisə qoymaq lazım idi, bunun bəxtinə düşmüşdü. Özünü elə aparırdı sanarsan dünyada neft satmaq ən çətin işlərdən biridir. Halbuki, nefti ver burnufırtıqlı uşağa, o da satar. Alıcı yoxdurmu? Zibil kimidir. O qədər sanksiya, embarqo atında olan Rusiya neftinə alıcı tapmaqda çətinlik çəkmir. Neft ideya, kitab, lap elə pomidor deyil ki, satmaq çətin olsun? Elə yüksək alver qabiliyyəti olan oğlanlar varsa buyursunlar, Azərbaycan “bamaduruna” yeni xarici, alternativ bazar tapsınlar, camaat hər il Putinin naz-qozu ilə oynamaq məcburiyyətində qalıb mayasını yandırmasın. 

Keçən həftələrdə Dubay əmiri Qarabağa gəlmişdi. Hətta onun əyin-başı, ayaqqabısı-filanı Adnan müəllimin geyimləri ilə müqayisədə uduzurdu. Sənə rəhbərlik edən adam 500 manatlıq saat taxırsa, sən hansısa yoldan keçən futbolçuya xalqın pulu ilə əldə olunmuş 500 minlik saat bağışlaya bilməzsən. Bu, aksiomadır. Öz zəhmət və ağlınla qazansan, buyur, kimin nə işinə qalıb?

Adnan müəllim əvvəldən başa düşməli idi ki, bizdə “Neftçilər günü” var, lakin “Neftsatan günü” yoxdur. İnşallah, indi içəridə bir az düşünməyə vaxtı olar, hərçənd, o cür oğurluq dəbdəbə ilə şellənənlərin hansısa düşüncəyə malik olduğuna şübhə edirəm. Əkişdirmisən, pis çıxmasın, yaxşı eləmisən, bizim camaat belə şeylərə mental olaraq yaxşı baxır (“bacarana baş qurban” konsepti), amma ta oğurluq atla gəzməyə çıxmaq nədir? Bu yoldaşın isə, yanılmıramsa, at kolleksiyası da var idi. Bir türk komediyasında deyilən kimi, “at, araba, avrat” – hər şeyin kolleksiyasını yığırdı.

Neft-qaz, ümumilikdə energetika sektoru Azərbaycanın faktiki həyat mənbəyidir. Təəssüf ki, bu cür strateji sahəni də kimə tapşırsalar fırıldaqçı, dələduz çıxır. Keçən il bir başqasına da töhmət verilmişdi. Deməli sektorun idarəçiliyində, ictimai nəzarətdən kənarda qalmasında ciddi problemlər var.

İndi bütün zəhmətkeşləri düşündürən əsas mövzu isə Messinin Kürdəxanıya gəlib-gəlməyəcəyi, öz əski dostuna “peradaça” daşıyıb-daşımayacağı ilə bağlıdır. Təbii ki, Messidə o etibar yoxdur. Amma gəlsə ona da beş-on sutka verməyin yeridir – dələduzluğa şərikdir. Açıq yazsam, həmişə azarkeşlik elədiyim bu futbolçudan belə dələduzlarla foto çəkdirib, “poz verdiyi” vaxtdan zəhləm gedir.

Bizim neft daşımaçılığında, sözgəlişi, bu cür kriminal ilk deyil ki? 90-cı illərdə camaat hətta “Aznefyağ” zavodunun ətrafında boruları deşib yanacaq əkişdirirdi. Ziya müəllimin “Azərreyl”i, Hafkanın “Baglan” qrupu, nə bilim, Yaradanquliyev-zad kimin yadına gəlir? Yəqin heç kimin. Sərvət oğrularını yadda saxlamaqdansa oğurluğa girişmək daha sərfəlidir.

Yeri gəlmişkən, Hafka müəllim də fısqırıq futbol azarkeşi idi, hətta arada qızışıb Fransanın “Lans” klubunu almışdı. Sonra ortaya çıxdı ki, pullar dövlətdən əkişdirilib, basdılar içəri, ağıllandı orda, buraxdılar. Deyəsən. Çox əmin deyiləm. Ağıllanmağını nəzərdə tuturam.

Bizdə Sənçəçal terminal ilə Qobustan həbsxanası qonşudur. Bunu unutmaq olmaz. 

Chosen
44
37
musavat.com

10Sources