EN

Ağstafada Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon tədbiri keçirilib

Ağstafa, 21 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu gün Respublikamızın hər yerində olduğu kimi Ağstafa rayonunda da böyük qürur və iftixar hissi ilə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon tədbirində rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mərkəzin önündə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi dərin ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində vətənpərvərlik mövzusunda rəsm və kitablardan ibarət təşkil olunmuş sərgiyə tamaşa ediblər.

Ümumrayon tədbiri Dövlət Himnimizin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Böyük ekranda Dövlət Suverenliyinin bərpasına həsr olunan videoreportaj nümayiş etdirilib.

Qeyd olunub ki, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan dövləti üçün 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir, 44 günlük Vətən müharibəsində tarixi Qələbənin 5 illiyi tamam olur, həmçinin Dövlət Suverenliyi Gününün rəsmi səviyyədə birinci ili yaşanır. Bu tarixi paralellik dövlətimizin və xalqımızın gələcəyinin Konstitusiya və Suverenlik prinsipləri üzərində qurulmasını təmin edən Ulu Öndərin siyasi xəttinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Sonra Elm və Təhsil işçiləri Həmkarlar Komitəsinin Ağstafa rayon təşkilatının sədri Elvira Əfəndiyeva, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin əməkdaşı Elnur Tanrıverdiyev, Aşağı Göycəli kənd tam orta məktəbin müəllimi Əsli Əsgərova və Ağstafa Suvarma Sistemləri İstismarı İdarəsinin əməkdaşı Ülviyyə Cənnətova mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

Bir qrup şəxsi rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edib.

Tədbirin bədii hissəsində müəllim və şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir kompozisiyası təqdim olunub.

Chosen
5
2
azertag.az

3Sources