EN

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi açıqlanacaq

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Tribunainfo.az  xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək.
Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. “Uilyams”da çıxış edən Karlos Sayns ikinci, “Rasinq Bulls”dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“Haytek”) birinci, britaniyalı Luke Brouninq (“Haytek”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin Motorsport”) üçüncü yeri tutub.
Pilotların siyahısında “Maklaren”də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci, Maks Ferstappen 230 xalla üçüncü yeri tutub.
Mühəndislər Kubokuna isə 617 xalla “Maklaren” komandası başçılıq edir. “Ferrari” 280 xalla ikinci, “Mersedes” 260 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Red Bull” (239), “Uilyams” (86), “Aston Martin” (62), “Red Bull” (61), “Zauber”” (55), “Haas” (44), “Alpin” (20) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Chosen
10
13
tribunainfo.az

10Sources