EN

Arkoz Qazax Sement Zavodu” MMC bu gün daha bir şəhid ailəsini sevindirdi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün qürurla deyə bilərik ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atmaqda davam edir.

"Unikal" xəbər verir ki, zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Zavodun rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə hər kəsə örnək olur. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Bəli, həmişə xeyirxah işlərə, savab əməllərlə fərqlənən zavod bu gün də öz ənənəsini davam etdirir. 

Əvvəlki yazılarımızda "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun ailəsinin yanında olması barədə məlumat vermişdik. Şəhid ailəsinin qəhrəman şəhidimizin vaxtilə yaşadığı evin təmiri ilə bağlı etdikləri müraciətə həssaslıqla yanaşan zavod rəhbərliyi həyata keçirdikləri sosial layihənin davam olaraq onların evini də təmir edəcəklərini, qısa vaxtda təmir işlərinə başlanılacağını bildirmişdilər. Budur, artıq şəhid ailəsinin evi yüksək səviyyədə təmir olunub, hətta, nəzərdə tutulan işlərdən də artıq işlər görülüb. Qəhrəman şəhidimizin vaxtilə yaşadığı ev onun adına layiq şəkildə, arzuladığı kimi təmir olunub. 

Sentyabrın 20-də Vətən müharibəsi şəhidi kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun təmir edilmiş, lazm olan bütün mebel və avadanlıqlarla təmin olunmuş yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, dəyərli ziyalı Məmməd Musayev, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən, “Arkoz” şirkətlər qrupunun sahibkarı hörmətli Emin Uçar, Zavodun Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev, İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşlar, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Qonaqlar əvvəlcə təmir edilmiş evə baxış keçirərək igid Vətən oğlunun ailəsi üçün yaradılan şəraitlə tanış olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailəsinin xoş günündə onların yanında olduqları üçün tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri qəhrəman şəhidimizin atasına və anasına doğmaları ilə birlikdə təmir olunmuş evlərində huzurla xoş günlər yaşamağı arzu edib, səmimi təbriklərini səsləndirib. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Sərxan Mustafayev və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu bildirib. İcra başçısı söyləyib ki, bu gün, 20 Sentyabr - Dövlət Suverenliyi Gününü qeyd ediriksə, suveren və müstəqil ölkənin vətəndaşıyıqsa, buna görə Sərxan kimi qəhrəman oğullarımıza borcluyuq. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü vurğulayıb. İcra başçısı fəaliyyətə başladığı ilk gündən Zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. “Bu, təkcə Sərxan Mustafeyev üçün təmir edilmiş ev deyil, bu, bütün şəhidlərimizə olan diqqətdir. Bu, dövlətimizin, ölkə rəhbərliyinin şəhid ailələrinin yanında olduğunu göstərən nümunəvi addımdır. "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələri ilə bağlı sosial layihələri uğurla icra edir. Zavod rəhbərliyi dövlətin onlara göstərdiyi qayğını, dəstəyi əldə rəhbər tutaraq bu cür sosial layihələri icra edərək öz töhfəsini verir, şəhid ailələrinin, qazilərin yanında olduqlarını əməli işləri ilə göstərirlər”, - deyən rayon rəhbəri bir daha zavodun rəhbərliyi başda olmaqla, şəhidimizin ailəsi üçün evin təmir edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.                            

Tədbirdə iştirak edən Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev razılığını bildirərək zavod tərəfindən şəhid övladının ailəsinə göstərilən qayğıdan söz açıb. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitmişdim. Bunu şəhid övladımın timsalında bir daha şahidi oldum. Şəhid övladımın bizlərə əmanət etdiyi övladlarının səhhətində yaranmış problemlə bağlı onların həyət evində yaşamaları üçün yeni evin inşa edilməsi barədə zavod rəhbərliyinə müraciət etdim. Etdiyim müraciət cavabsız qalmadı və ötən il oğlumun ailəsi üçün yeni ev inşa edildi. Şəhid övladımın ruhu şaddır, çünki onun balaları üçün özünün arzuladığı kimi gözəl ev inşa olundu. Bu gün isə qəhrəman şəhidimiz Sərxan Mustafayevin yaşadığı ev belə yüksək səviyyədə təmir olunub ailəsinə təhvil verildi. Biz şəhid ailələri ötən 5 il ərzində dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, rayon rəhbərliyinin qayğısını hər zaman hiss etmişik. Bu gün "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu nümunəvi addımı isə 20 Sentyabr - Dövlət Suverenliyi Günündə Sərxanın ailəsinə dövlətin növbəti qayğısı oldu. Bütün bunlara görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına, evin təmir olunmasında əziyyəti keçən hər kəsə şəhid ailəsi olaraq minnətdarlığımı bildirirəm”, - deyə şəhid atası ürək sözlərini səsləndirib. 

Şəhid atası İslam Mustafayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid atası bunu öz ailəsinin timsalında da hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq göstərib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib. 

Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub.

Məlumat üçün qeyd edək ki, Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi, bu günlərdə Daş Salahlı kəndində yeni məhəllə adlanan ərazidə yaşayan 60-a yaxın ailənin məişət suyu ilə bağlı probleminin aradan qaldırılmasında göstərdikləri köməklik zavodun həyata keçirdiyi sosial layihələrdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
unikal.az

1Sources