EN

Ermənistanı sülhə doğru real addımlar atmağa məcbur etmişik

Biz çağdaş tariximizin ən böyük uğur hekayələrinin, ən taleyüklü hadisələrinin və ən möhtəşəm günlərinin canlı şahidləriyik. Bu gün bayramlar bir-birinə qarışıb. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənə ilə qeyd olunur. Hər iki bayram ən yeni tariximizin qürur dolu səhifəsi ilə, 23 saatlıq lokal antiterror əməliyyatı ilə sıx bağlıdır. 2023-cü il sentyabrın 19-20-də rəşadətli Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Həmin il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı qaldırılıb. Eləcə də 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də, Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında isə 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb.

Beləliklə, Qarabağın dirçəliş tarixində yeni səhifə açılıb, 20 sentyabr müstəqil Azərbaycan dövlətinin öz əraziləri üzərində suverenliyini tam şəkildə bərpa etdiyi gün kimi tarixə yazılıb, 32 ildən sonra Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri üzərində yenidən dalğalanmağa başlayıb. Sentyabrın 20-sinin həm Dövlət Suverenliyi Günü, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi ilə bağlı Cənab Prezidentin imzaladığı sərəncamlar ilk növbədə müstəqillik və suverenliyin ən qiymətli dəyər kimi, milli sərvətimiz kimi gələcək nəsillərə ötürülməsinə və eyni zamanda, cəmiyyətimizdə tarixi yaddaşın möhkəmləndirilməsinə, qalib xalq ruhunun qalıcılığının təmin olunmasına xidmət edir. Bu mənada antiterror əməliyyatının separatizmə son qoymasının və suverenliyimizin tam bərpasının təzahürü kimi bu gün Dövlət Suverenliyi Gününün və işğaldan azad olunmuş ərazilərimizdə şəhər gününün qeyd olunmasının dərin rəmzi mənası və böyük mənəvi əhəmiyyəti var.

Artıq ikinci ildir sentyabrın 20-də ölkə miqyasında keçirilən bayram tədbirləri milli birliyimizin daha da gücləndirilməsi, işğal dövrünün yaralarının sağalmasına, bu torpaqlara tarixi sahiblik haqqımızın dostlarımıza da, düşmənlərimizə də nümayiş etdirilməsinə xidmət edir. 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatının şanlı Ordumuzun misilsiz qələbəsi ilə başa çatması təkcə erməni separatizminin tarixin küllüyünə gömülməsi ilə məhdudlaşmır. Bu, həm də 200 illik məhrumiyyətlərin, torpaq itkilərinin, soyqırımlarının, tarixi ədalətsizliyin sonu demək idi. Xankəndidə bayrağımızın ucaldılması tarixin böyük dönüş nöqtəsi idi. Biz sözün tam mənasında qalib xalqa çevrildik. Hər bir soydaşımızın ruhu, şüuru qalib xalq anlayışına kökləndi. Dövlət Suverenliyi Gününün təsis edilməsi və keçirilməsi də məhz bu dönüş nöqtəsinin əyani göstəricisi və suverenliyimizin tam bərpasının simvoludur.

Cəsarətli və qətiyyətli liderin rəhbərlik etdiyi Azərbaycan xalqı, Azərbaycan dövləti tarixi ədaləti və beynəlxalq hüququ öz gücü ilə təmin edərək suveren hüquqlarını bərpa etdiyini və onu bundan sonra da qətiyyətlə qoruyacağını bütün dünyaya nümayiş etdirdi. Cənab Prezidentin 2025-ci il sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı vurğuladığı kimi “19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik”.

Bəli, bu gün Xankəndiyə, həmçinin Xocavənd və Xocalının müxtəlif kəndlərinə, Ağdərəyə köçün, qayıdışın həyata keçirilməsi bizim haqlı olduğumuzun əyani göstəricisidir. İndi Qarabağ və Şərqi Zəngəzur torpaqları hərbi-siyasi qələbəmizin nəticəsində sosial, iqtisadi və mədəni aspektdən yenidən qurulur. Erməni vandalizmindən azad edilmiş bütün yaşayış məntəqələrimiz kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də dirçəliş və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu şəhərlərin hər birində “Böyük Qayıdış” proqramı çərçivəsində sosial infrastrukturlar bərpa edilir, yeni yaşayış kompleksləri salınır, yollar, məktəblər, mədəniyyət ocaqları tikilir, istehsal müəssisələri yaradılır.

44 günlük Vətən müharibəsi Zəfərinin və 23 saatlıq antiterror əməliyyatının bizə bəxş etdiyi ərazi bütövlüyü və tam suverenlik gerçəkliyi bu gün Böyük Qayıdışımıza yansıyır. İndi əsas vəzifəmiz azad edilmiş torpaqlarda həyatın bərpası və regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Biz Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaratmışıq, Ermənistanı sülhə doğru real addımlar atmağa məcbur etmişik. Azərbaycan bu gün öz tarixinin gerçəkdən də ən qüdrətli dövrünü yaşayır. Dövlət Suverenliyi Günü və işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin keçirilməsi isə həm dövlətçilik baxımından, həm də milli sahiblik haqqımızın nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Milli varlığımızı və dövlətçilik şüurumuzun təntənəsini ifadə edən bayramlarımız mübarək olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
33
ictimairey.az

1Sources