EN

Suverenlik günü: Savaşda qalib gələn Azərbaycan bu gün danışıqlar masasında da qalibdir

2020-ci ilin payızında Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən üç il sonra – 2023-cü il sentyabrın 19-20-də şanlı ordumuz separatçılığa son qoydu, Azərbaycan tam suverenliyini bərpa etdi.

Qarabağda qalan erməni qanunsuz hərbi birləşmələrinin məğlubiyyəti, tərk-silah olması ilə xunta rejimi devrildi və bütün ərazilərimizdə erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan azad, müstəqil olmaqla yanaşı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, Cənubi Qafqazın lider, dünyada isə nüfuzlu ölkəsinə çevrildi.

2024-cü ilin 18 sentyabrında Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına dəyişiklik edilərək daha dörd şəhər günləri təsis edildi - "20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü".

Antiterror əməliyyatı 23 saat çəkdi, 20 sentyabr 13:00-da dayandırıldı. Anlaşmaya əsasən, qeyri-qanuni erməni silahlı birləşmələri tərksilah olaraq, Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Antiterror əməliyyatı nəticəsində Müzəffər Azərbaycan Ordusu 90-dan çox döyüş mövqeyini nəzarət altına aldı. Beununla da, 4 şəhərimiz də tam azadlığına qovuşaraq erməni tör-töküntülərindən təmizləndi. 

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara sonuncu səfəri, sakinlərlə görüşləri bir daha göstərir ki, dövlətimizin prioritet istiqaməti Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qısa və təhlükəsiz şəraitdə qayıtmasıdır. Bunun üçün dövlət tərəfindən lazım olan bütün tədbirlər görülür. Elə bunun nəticəsidir ki, 2022-ci ildən başlanan qayıdış nəticəsində bu günə kimi 19 minə yaxın keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyulub. Təbii ki, Böyük qayıdış proqramı mərhələli şəkildə davam edir. Prezident tərəfindən 2027-2030-cu illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında sərəncam da artıq imzalanıb. 

Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, xüsusən şəhər günləri ərəfəsində həmin rayonlara baş çəkməsi, təməlqoyma, açılış mərasimlərində iştirakı, sakinlərlə görüşü, yeni yaşayış məntəqələrinə qayıdış artıq ənənə halını alıb. İndi Qarabağ və Şərqi Zəngəzurun hər bir yerində sürətli quruculuğun şahidi oluruq. Otuz il ərzində xarabazarlığa çevrilmiş, viran edilmiş bütün şəhər və kəndlər müasir standartlara uyğun şəkildə qısa zamanda bərpa edilərək əzəli sahiblərini qarşılayır. Bu gün Azərbaycan dünyanın heç bir yerində görünməmiş ilklərə imza atır. Onillərlə işğalda qalan torpaqlarını öz gücünə azad edən ölkəmiz iqtisadi gücü hesabına da Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirir. 

Vətən müharibəsindən başlanan şanlı qələbəmiz 2023-cü ildə antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə başa çatdı. Savaşda qalib gələn Azərbaycan bu gün danışıqlar masasında da qalibdir. Beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olan irəli sürdüyü bütün şərtlər qəbul olunur. Tarixi əhəmiyyətə malik Vaşinqton görüşü isə bütün bunları rəsmi şəkildə təsdiq etməklə, Azərbaycanın tarixinin şanlı, qüdrətli dövrünü yaşadığını, qalib ölkə olduğunu bir daha göstərdi.

 

 Elnarə Həziyeva

Chosen
54
sabahinfo.az

1Sources