GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda yeni “Ayfon 17” seriyasının qiymətləri ilə bağlı müzakirələr başlayıb. Bildirilir ki, telefonun satış qiyməti xaricdə 1100 dollar (təxmini 1870 manat) olsa da, bizdə 4-5 min manat civarındadır. Bu qədər kəskin fərq həm vətəndaşları təəccübləndirir, həm də səbəbləri ilə bağlı suallar yaradır.
Qeyd edək ki, yayılan məlumatlara görə sözügedən modelin qiymətləri belədir:
“Ayfon 17” (256GB) — 2340 manat
“Ayfon 17” Pro (1TB) — 4310 manat
“Ayfon 17” Pro Max (2TB) — 5670 manat
Azərbaycanda belə fantastik qiymətlərin səbəbi nədir?
Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, qiymətlər arasındakı kəskin fərq təsadüfi deyil:
“Gömrük rüsumları, ƏDV, daşınma, distribüter marjaları, valyuta riskləri və məhdud təklif amilləri birləşərək qiyməti fantastik həddə qaldırır. İstehlakçıların təəccübü başadüşüləndir. Amma reallıq ondan ibarətdir ki, Azərbaycanda yeni “Ayfon” modellərinin qiyməti uzun müddət dünya bazarından xeyli yüksək olaraq qalacaq”.
Kənan Quluzadə
İqtisadçı qeyd edib ki, Azərbaycanda “Ayfon 17″nin bahalı olmasının 3 əsas səbəbi:
“Birincisi, gömrük rüsumları və vergilərlə bağlıdır. Azərbaycana idxal olunan bütün məhsullar kimi, smartfonlara da gömrük rüsumları və əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur. Hazırda ƏDV 18 faizdir. Gömrükdə tətbiq olunan rüsum və vergilər satış qiymətinə birbaşa əlavə olunur və nəticədə telefonun dəyəri xaricdəki qiymətindən xeyli yüksək olur. İkincisi, logistika və distribüter marjası ilə əlaqəlidir. Məhsulun Azərbaycana gətirilməsi xeyli əlavə xərclər tələb edir: daşınma, sığorta, anbarlama və gömrük prosedurları. Üstəlik, rəsmi distribüterlər zəmanət, servis və satış sonrası xidmətlər üçün öz marjalarını əlavə edirlər. Bu da qiyməti daha da yüksəldir.
Nəhayət, təklifin azlığı və bazar şəraiti buna təsir edən amillərdəndir. Yeni “Ayfon” modelləri Azərbaycana məhdud sayda gətirilir. İlk partiyalar isə adətən daha baha satılır, çünki tələbat yüksək, təklif isə az olur. Üstəlik, bazarda rəqabətin zəif olması satıcıların qiymətləri sərbəst şəkildə artırmasına imkan yaradır. Bu səbəblərə görə, istehlakçılar xaricdə 1100 dollara satılan telefonu ölkə daxilində 4-5 min manata almağa məcbur olurlar”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.