EN

Araikgil Ermənistana qaytarıla bilərmi – baş nazirin o sözü…

Azər Həsrət: “Azərbaycan bu məsələyə baxa bilər, amma İrəvan da qarşılığında nəsə verməlidir”

“Biz bu mövzu üzərində (Bakıdakı erməni hərbi canilərin qaytarılması – red.) gündəlik praktiki olaraq işləyirik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də hökumətin brifinqində bildirib. “Göz qabağında olacaq bir nəticə olana qədər, mövzunun hədsiz həssaslığına görə əlavə sizin hamınızın bildiklərindən başqa heç nə deyə bilmərəm”, – Paşinyan əlavə edib.

Erməni baş nazirin sözlərindən belə çıxır ki, Bakı ilə İrəvan arasında bu məsələ ilə bağlı müzakirələr gedir. Söhbət hərbi canilərin Ermənistana qaytarılmasından gedirsə, əvvəla, onlar barəsində məhkəmə hökmü yoxdur. İkincisi, diplomatik əlaqələr də qurulmayıb ki, ekstradisiya olunsunlar. Paşinyanın bu sözlərini daxili auditoriyanı sakitləşdirmək və başını qatmaq üçün verilən bəyanat kimi qiymətləndirmək olar. Lakin yekun sülh sazişindən sonra onları Ermənistana ekstradisiyası da istisna olunmur. Bəzi şərhçilərin fikrincə, bu şəxslər cinayət əməllərini etiraf ediblər, məhkəmə proseslərində faktlar təqdim olunub, bundan sonra layiqli cəzalarını alacaqlar.

O halda, gələcəkdə onların qaytarılması baş tuta bilərmi? Paşinyan bunu Azərbaycan rəhbərliyindən xahiş edərsə, hansı qərar verilə bilər?

Azər

 Azər Həsrət

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a danışıb. Siyasi şərhçi  Azərbaycanın hər zaman sülhpərvər bir dövlət olduğunu vurğulayıb:

“Azərbaycan Ermənistanla və ermənilərlə əbədi düşmənçilik etmək istəmir. Bizi bir-birimizə yaxınlaşdıracaq, sülhü əbədi bərqərar edəcək istənilən addıma Azərbaycan həmişə hazır olub. Hətta 44 günlük müharibədən öncə də Azərbaycan rəhbərliyi, bizim daha güclü olmağımıza baxmayaraq, dəfələrlə Ermənistana və onun havadarlarına məlumat verir, çağırış edirdi ki, gəlin, güzəştlərə gedək, bir-birimizlə anlaşaq, bu məsələni sülh yolu ilə həll edək. Yəni Azərbaycan özü kifayət qədər güzəştlərə hazır idi, hərçənd güzəşt etməsi üçün heç bir səbəb yox idi. Amma ermənilər bunu düzgün qiymətləndirə bilmədilər”.

Azər Həsrətin fikrincə, bundan sonrakı mərhələdə əgər Ermənistan hər şeyi ağılla, düzgün qiymətləndirəcəksə, əlbəttə ki, Azərbaycan Araik və onun kimilərinin ekstradisiya olunması məsələsinə də baxıla bilər:

“Amma bu, elə sadəcə Ermənistan istədi, biz də verdik formasında olmamalıdır. Təbiidir ki, Ermənistan əgər onları istəyəcəksə və istəmək fikri varsa, qarşılığında da nəsə verməlidir. Yəni Azərbaycan dövləti durduğu yerdə sırf xoşməram olsun deyə bu qədər güzəştlərə gedə bilməz. Biz zatən Ermənistana yetərincə güzəşt etmişik, yetərincə yumşaq davranmışıq. Bütün bunları Ermənistan dəyərləndirməlidir.

Məsələ bəli, müzakirə oluna bilər. Azərbaycan hansı addımı atacaq, bu da şəraitə və şərtlərə bağlı məsələdir. Yəni biz indidən deyə bilmərik ki, Azərbaycan mütləq onların ekstradisiya məsələsinə baxacaq, yaxud baxmalıdır, yaxud da onları Ermənistana geri verəcək. Bizim hələ Ermənistandan alıb məhkəməsini quracağımız iki şəxs də qalır – əsas şəxslər Robert Köçəryan və Serj Sarkisyan. Onlar Ermənistanın keçmiş prezidentləridir. Hər ikisi Azərbaycanda doğulub, böyüyüb, boya-başa çatıb və Azərbaycan xalqına, dövlətinə qarşı hərbi cinayətlər törədiblər. O adamların da məhkəməsi qurulmalıdır. Əgər Ermənistan doğrudan da istəyirsə ki, Qarabağ erməniləri ilə bağlı biz daha yumşaq davranaq, onda Serj Sarkisyan və Robert Köçəryanı da bizə təhvil versin. Onların da məhkəməsini quraq, ondan sonra ola bilər ki, hamısının məsələsinə birlikdə baxılsın və Azərbaycan da xoşməram nümayiş etdirsin.

Bunlar öz yerində, amma Paşinyanın bu məsələ ilə bağlı, qısaca da olsa, danışması təbiidir ki, Azərbaycan tərəfi ilə yəqin ki, məsləhətləşmələr aparılır. Eyni zamanda, biz unutmamalıyıq ki, ABŞ prezidenti Donald Tramp da bu məsələ ilə bağlı müəyyən işartılar verib. Yəqin ki, bağlı qapılar arxasında müzakirələr olub ki, Tramp da bununla bağlı işarələr verir.

Üçüncü bir tərəfdən də, əlbəttə ki, Ermənistanın daxili auditoriyasına, ictimai rəyinə də hansısa mesajlar ötürülməlidir. Paşinyanın bu mesajları ötürməsinə çox ciddi ehtiyacı var. O baxımdan da bunu dəyərləndirə bilərik. Amma ümumi olaraq, fikrimi yekunlaşdırıram ki, Azərbaycan həmişə xoşməramlara açıq olub, bundan sonra da açıq olacaq. Amma Ermənistan da gərək bu xoşməramları haqq etmək üçün nəsə etsin”.

Qeyd edək ki, Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilir.

Musavat.com

Chosen
33
1
editor.az

2Sources