EN

Qarabağda şəhər günlərinin xüsusi rəmzi mənası var

Artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. 2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror əməliyyatları nəticəsində işğaldan azad olunan ərazilərimizdə də bərpa-quruculuq işləri aparılır, bu torpaqların sakinləri öz doğma yurduna qayıdır. İlin əvvəlində Xankəndiyə, həmçinin bu günlərdə Xocavənd və Xocalının müxtəlif kəndlərinə, Ağdərəyə köç baş tutdu. Qarabağa səfər edən Prezident İlham Əliyev yeni salınan, mühüm strateji və coğrafi mövqeyə malik yaşayış məntəqələrində yaradılan şəraitlə tanış oldu, sakinlərlə görüşdü. Dövlət başçımız bəyan etdi ki, “antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir.”

Şəhər günlərinin qeyd edilməsi ilk növbədə yerli identikliyi və öz şəhəri ilə qürur hissini gücləndirməkdən ibarətdir. Bu, eyni zamanda şəhərlərə öz nailiyyətlərini nümayiş etdirməyə, investisiya və turizm cəlb etməyə, vətəndaş fəallığını artırmağa imkan verir, onların doğma şəhərə bağlılığını və onun həyatında iştirakını vurğulayır. İşğaldan azad olunmuş ərazilərimizdə şəhər günlərinin qeyd olunmasının isə, sözsüz ki, rəmzi mənası var. Vaxtilə ürək ağrısıyla işğal günlərinin kədərini yaşayan xalqın 30 ildən sonra azad olunma və şəhər gününü qeyd etməsi çox qürurvericidir. Bu tədbirlər həm də şəhərlərimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısının alınması baxımından vacibdir. Şəhər günləri eyni zamanda insanların öz doğma şəhərinə vətənpərvərlik münasibətini aşılayır.

Sevindirici haldır ki, erməni işğalından azad olunmuş ərazilərdəki hər bir yaşayış məntəqəsi yeni inkişaf mərhələsindədir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda yeni qurulan şəhərlərimiz artıq beyin mərkəzi, həmçinin müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi platformalara çevrilib.

Nigar Məmmədova,
Milli Məclisin deputatı

Chosen
3
2
modern.az

10Sources