EN

Deputat: Vaşinqton sazişi Azərbaycanın suverenliyini beynəlxalq müstəvidə təsbit edir

"Separatizmə son qoyulması həm daxili suverenliyimizin, həm xarici suverenliyimizin tam bərpası üçün siyasi-hüquqi zəmin yaratdı".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

O, bildirib ki, Azərbaycan Ordusunun bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində dövlətimiz separatizmə və hərbi xunta rejiminin mövcudluğuna son qoyaraq öz suveren nəzarətini tam bərpa edib.

Onun sözlərinə görə, bu əməliyyat təkcə Azərbaycanın daxili sabitliyi baxımından deyil, həm də beynəlxalq hüquq müstəvisində mühüm nəticələr doğurdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxışında vurğuladığı kimi, suverenliyimizin bərpası beynəlxalq hüququn təntənısidir.

Deputat qeyd edib ki, separatizm bir dövlətin beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanınmış ərazi bütövlüyünü və siyasi birliyini qismən və tam şəkildə parçalamaq, siyasi müstəqilliyinə qəsd etmək, beynəlxaq tanınmış sərhədlərini pozmaq və daxili işlərinə müdaxilə etməkdir: "Əgər bu proses zor tətbiqi ilə müşayiət olunursa, artıq silahlı separatizmdən söhbət gedir və bu da terrorizm ünsürlərini də özündə ehtiva edir".

Rizvan Nəbiyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürməklə yanaşı, ölkəmizin daxilində separatizmi təşviq etdi, işğalçılıq siyasəti və anneksiya cəhdi həyata keçirməklə ölkəmizin təhlükəsizliyinə ciddi təhdidlər yaratmışdı: "Ərazilərimiz işğal altında olduğu zaman Ermənistan siyasi, iqtisadi, maliyyə və hərbi resurslardan istifadə etməklə Azərbaycanın ərazisində xunta rejiminin başında dayandığı marionet struktur formalaşdırmışdı.

Azərbaycan local xarakterli antiterror tədbirləri ilə ərazimizdə separatizmin kökünü kəsdi, separatizm və işğalçılığa məsul olanları həbs edərək Bakıda ədalət məhkəməsi qarşısına çıxardı".

Onun sözlərinə görə, separatizmlə mübarizə də ilk dəfə olaraq ikitərəfli beynəlxalq müqavilədə hüquqi öhdəlik kimi təsbit olunub: "Belə ki, avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişinin 8-ci maddəsi Ermənistan tərəfinin separatizmə qarşı mübarizə aparmaq öhdəliyini müəyyən edir. Bu müddəa Ermənistanın 30 illik işğalçı siyasətini nəzərə aldıqda xüsusi əhəmiyyət daşıyır.

Bundan əlavə, sənədin 2-ci maddəsi tərəflərin bir-birinin siyasi bütövlüyünə qarşı hər hansı fəaliyyətə yol verməməsini təsbit edir. Hətta üçüncü dövlətlərin belə, tərəflərin ərazilərindən onların ərazi bütövlüyünə qarşı fəaliyyət üçün istifadə etməyəcəklərinə dair öhdəlik götürülüb".

Deputat bildirib ki, Vaşinqtonda paraflanan sülh sazişi Azərbaycanın suverenliyini yalnız daxildə deyil, həm də beynəlxalq müstəvidə də təsbitini özündə ehtiva edir. Onun sözlərinə görə, daxili suverenlik dedikdə dövlətin tanınmış sərhədləri çərçivəsində ali hakimiyyətin yalnız həmin dövlətə məxsus olması, hökumətin konstitusiyada təsbit olunmuş güc monopolyasiyasını icra etməsi və dövlət orqanlarının məhdudiyyətsiz yurisdiksiyasını həyata keçirməsidir.

Dövlətin xarici suverenliyi dedikdə isə dövlətin beynəlxalq münasibətlərdə heç bir dövlətdən asılı olmadan müstəqil qərar qəbul etməsi, istədiyi müqavilələri imzalaması və ya konvensiyalara tərəf olması, eləcə də seçdiyi hərbi və iqtisadi-siyasi ittifaqlara qoşulmaq hüququ nəzərdə tutulur.

Rizvan Nəbiyev əlavə edib ki, paraflanmış sazişin mühüm məqamlarından biri Ermənistanın Azərbaycanın suverenliyini yazılı öhdəlik formasında tanıması və ona hörmət etməsdir. Sazişin 1-ci maddəsinə əsasən, Ermənistan və Azərbaycan bir-birinin beynəlxalq sərhədlərini tanıyır və keçmiş SSRİ respublikalarının inzibati sərhədlərinin beynəlxalq sərhədlərə çevrildiyini və bunun beynəlxalq birlik tərəfindən də belə tanındığını qəbul edirlər. “Bu, o deməkdir ki, Ermənistanın bütün hökumətlərinin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları beynəlxalq hüquqa zidd olmuşdur və Qarabağ həm Sovet dövründə və müstəqillik illərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur”, – deyə deputat bildirib.

Chosen
23
operativmedia.az

1Sources