EN

Suveren Azərbaycanın əbədi zəfəri – 20 Sentyabr

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən möhtəşəm zirvələrdən biri, milli mübarizəmizin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi olaraq yaddaşlara həkk olunmuş əbədi və tarixi gündür.


Bu gün təkcə bir təqvim tarixi deyil, əsrlərlə işğal, təzyiq və məhrumiyyətlər qarşısında sınmayan xalqımızın əzminin, iradəsinin, müstəqillik və suverenlik amalının parlaq təntənəsidir. Bu günün təsis edilməsi təkcə tariximizin ən parlaq səhifəsini yaddaşlarda əbədiləşdirmir, həm də gələcək nəsillərə milli qürur, dövlətçilik məsuliyyəti və vətən sevgisi aşılayır.

Azərbaycan xalqı bütün tarixi boyunca öz müstəqilliyi uğrunda mübarizə aparmış, ən ağır sınaqlara sinə gərmiş, lakin heç vaxt azadlıq və dövlətçilik idealından geri çəkilməmişdir. Otuz ildən artıq davam edən işğal, beynəlxalq hüququn pozulması, soyqırımlar, etnik təmizləmə və dağıntılar xalqımızın iradəsini qıra bilməmiş, əksinə, milli birliyi, mübarizə ruhunu daha da möhkəmləndirmişdir.

2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, 2023-cü ilin 20 sentyabrında bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatizmin kökünün birdəfəlik kəsilməsilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu, dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli qürurun qələbəsi idi. Azərbaycan bu addımı ilə bütün dünyaya göstərdi ki, heç bir işğal, heç bir xarici müdaxilə və heç bir separatçı xülyalar əbədi ola bilməz.

Bu, böyük qələbələrin arxasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, sarsılmaz əzmi, diplomatik məharəti dayanır. Onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və dəmir yumruğu nəticəsində Azərbaycan nəinki işğala son qoydu, həm də güclü dövlət kimi öz sözünü və qələbəsini dünyaya qəbul etdirdi. Xarici təzyiqlərə, beynəlxalq səviyyədə müxtəlif təhdid və təzyiqlərə baxmayaraq Prezident İlham Əliyev sona qədər mübarizə apardı, heç bir güzəştə getmədi və qalib gəldi.

Bu Liderlik Azərbaycan xalqının tarixində müstəsna rol oynadı, dövlətimizin müstəqilliyini və suverenliyini əbədi olaraq möhkəmləndirdi, Azərbaycanı bütöv, tam müstəqil və suveren dövlət kimi regionda sülhün, sabitliyin və ədalətin rəmzinə çevrdi.Bu tarixi gün həm də dünya dövlətləri üçün mühüm siyasi mesajdır. Azərbaycan sübut etdi ki, əgər bir xalq öz torpaqlarına, milli kimliyinə, dövlətçilik ənənələrinə sadiqdirsə, gec-tez ədaləti təmin edir və suverenliyinə sahib çıxır. Azərbaycanın əldə etdiyi bu qələbə ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan xalqlara örnəkdir, gələcək nəsillərə isə əbədi dərsdir: yalnız milli birliyə, güclü dövlətə, qətiyyətli rəhbərliyə, döyüşkən orduya və xalq-hakimiyyət həmrəyliyinə söykənən mübarizə uğurla nəticələnir.

Dövlət Suverenliyi Günümüz mübarək!


Azay Quliyev 

Millət vəkili  

Chosen
18
manset.az

1Sources