EN

Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artmaqda davam edir - Arzuxan Əlizadə

Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqaz regionu geosiyasi, geoiqtisadi müstəvidə dünya güclərinin diqqətindədir. Bölgədə sülhün bərqərar olmasından əlavə, gərginlik yaşayan müəyyən qruplar yenə də erməni maşasından istifadə edib çaxnaşma salmağa, sülh prosesinin qarşısını almağa çalışırlar. Şərq və Qərbin ən böyük iqtisadi gücləri olan dövlətlər sülhü zəruri edən layihələrə start verib, təhlükəsizliyin təmin olunması üçün addımlar atırlar. Bu mənada, Orta dəhlizdən keçən Zəngəzur dəhlizinə qarşı nə qədər mənfi çıxışlar olsa da, yol xəritəsi çəkilib və əsas hədəfə doğru hərəkət var.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir.

- Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi səfər zamanı reallaşan görüşlərini necə dəyərləndirərdiniz?

– 2020-ci il II Qarabağ müharibəsində Azərbaycan əldə etdiyi möhtəşəm qələbə ilə faktiki olaraq regionda yeni reallıqlar yaratmış oldu. Bu yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək, münasibətləri bir qədər də yaxınlaşdırmaq istiqamətində fəaliyyət göstərən ölkələrin də sayı artmış oldu. Bizə dost və qardaş ölkələrlə yanaşı, regiondan kənar bir çox dövlət rəhbərləri də Azərbaycan Prezidenti ilə münasibətlərin inkişaf etməsi üçün addımlar atmağa başladılar. Biz bu 5 ilə yaxın müddət ərzində azad edilmiş ərazilərimizdə dost və qardaş ölkələrin rəhbərləri ilə yanaşı olmuşuq. Hər zaman qeyd etdiyim kimi, bir sıra regiondankənar dövlətlərin də dövlət və hökumət başçılarının, rəsmilərinin, müxtəlif sahələr üzrə nazirlərinin səfərlərinə şahidlik etmişik. Yeni yaradılmış reallıqlar fonunda Azərbaycanın bölgənin əsas güc və söz sahibi olması kontekstində bu ölkələrlə münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Bir gün bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanin ölkəmizə səfəri bu kontekstdə qəbul edilməlidir. Böyük və geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə Azərbaycan Prezidenti arasında iki ölkənin gələcək münasibətlərinə dair mühüm razılaşmalar əldə edildi, çoxsaylı sənədlər imzalandı. Bu isə təbii ki, qürurvericidir və qeyd etdiyim kimi, ilk dəfə deyil.

Son 5 il ərzində Qarabağda və digər azad olunmuş ərazilərimizdə çox böyük infrastruktur layihələri həyata keçirilir. Bu bölgə qısa zamanda mühüm bir mərkəzə çevrilmişdir. Dəmir yolu xətləri, avtomobil yolları çəkilir, yeni infrastruktur qurulur, yaşayış məskənləri salınır, kəndlər, qəsəbələr və şəhərlər bərpa edilir. Bütün bu böyük işlərin baş memarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. O, yorulmadan Qarabağın bərpası və quruculuq işlərinə rəhbərlik edir. Bu işlərdə beynəlxalq təşkilatların dəstəyi, dost və qardaş ölkələrin iştirakı da təşviq olunur. Dövlətlərarası münasibətlərin qurulması və bu ölkələrin Azərbaycana dəvət olunması prosesi də Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasətin tərkib hissəsidir.

- Qlobal geosiyasi vəziyyət Cənubi Qafqazla bağlı mövcud layihələrin işlənməsi fonunda bölgəyə hansı perspektivi vəd edir və hazırkı reallıq nədir?

- Azərbaycan Prezidentinin bu bölgələrə səfərləri ilə yeni açılışlara, təməlqoyma mərasimlərinə, istifadəyə verilmiş müəssisələrin rəsmi açılışlarına şahidlik edirik. Bu proses uğurla davam edir və bunu yalnız qürur hissi ilə qiymətləndirə bilərik. Digər vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan hələ işğaldan əvvəl də böyük tranzit layihələrin içərisində idi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri, Xəzər dənizi sahilində yerləşən yeni dəniz limanı və digər mühüm layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu da Azərbaycanın tranzit ölkə statusunu möhkəmləndirib. Prezidentin uğurlu siyasəti və əlverişli coğrafi mövqeyimiz nəticəsində Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində əsas hərəkətverici qüvvəyə çevrilib.

- Zəngəzur dəhlizinin açılması üzrə cızılan yol xəritəsi nə qədər irəliləyə bilib?

– II Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmə gəldi. Əvvəlcə Ermənistan müxtəlif bəhanələrlə prosesin qarşısını almağa çalışsa da, üçtərəfli görüşlərdə və digər beynəlxalq razılaşmalarda bu dəhlizin reallaşması ilə bağlı razılıqlar əldə edildi. Ermənistan üzərinə öhdəliklər götürmüşdü və sülh müqaviləsinin imzalanması istiqamətində proseslər sürətlənmişdi. Çərçivə müqaviləsi imzalanıb və Ermənistan öhdəliklərini yerinə yetirdikcə regionda dayanıqlı sülhün təmin olunacağı gözlənilir.

- Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan nümayəndələri birbaşa danışıqlar aparırlar. Bu proses hansı nəticələri verəcək? Sərhədlər nə zaman açıla bilər?

– Ermənistan yaxşı anlayır ki, kommunikasiyaların açılması yalnız Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistanın özünün iqtisadi imkanlarını genişləndirəcək. Bu dəhlizin açılması ilə Azərbaycan, Ermənistan, Türkiyə və digər regional dövlətlərlə yanaşı, böyük beynəlxalq güclər də maraqlıdırlar. ABŞ, Böyük Britaniya, Çin, Avropa ölkələri bu dəhlizin reallaşmasında maraqlarını açıq şəkildə ifadə ediblər. Azərbaycanın əsas mövqeyi isə budur ki, bütün məsələlər ikitərəfli danışıqlar çərçivəsində həll olunmalıdır. Üçüncü tərəflərin iştirakı o qədər də vacib deyil. İkitərəfli razılaşmalarla bir çox məsələləri həll etmək mümkündür. Demarkasiya və delimitasiya proseslərində də hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Sərhədlərin açılması isə zamanla həll olunacaq məsələdir. Ermənistan öhdəliklərini yerinə yetirdikcə, kommunikasiyaların açılması və regionda yeni düzənin formalaşması reallaşacaq. Bütün bu proseslərin həyata keçirilməsində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, uğurlu siyasəti və xalqın dəstəyi əsas rol oynayır. Sərhədlərin açılması məsələsi, təbii ki, zamana bağlıdır.

- Ermənistan dəhlizin açılması üçün əldə olunan razılaşmalara nə qədər əməl edir?

– Ermənistanın üzərinə götürdüyü öhdəliklərin, o cümlədən konsulluq məsələlərinin Azərbaycan qarşısında yerinə yetirilməsi vacibdir. Bu öhdəliklər yerinə yetirildikcə, sərhədlərin açılması və kommunikasiyaların bərpası prosesi başlayacaq və regionda yeni bir nizamın formalaşmasının şahidi olacağıq. Bu məsələdə də Azərbaycanın iradəsi həyata keçirilir. Azərbaycan Prezidentinin göstərişi ilə Ermənistan ilk tapşırıqları alıb. Bu tapşırıqların icrası Azərbaycan və Türkiyəyə qarşı konsulluqların geri çəkilməsi və digər öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Ermənistanın parlament seçkiləri və referendumlar da bu prosesin tərkib hissəsi kimi həyata keçirilir. Nəticədə, regiona dayanıqlı sülh və sabitliyin gətirilməsi təmin olunacaq. Ermənistanda mövcud siyasi qüvvələr artıq tədricən formalaşır. Paşinyan hökumətinə qarşı olan bəzi siyasi qüvvələr azlığa düşüb və müvafiq sahələrdə təsir imkanları məhdudlaşıb. Ermənistanın rəqibləri və digər müxalif qüvvələr Paşinyanın siyasətində üstünlük qazana bilmirlər. Eyni zamanda, Ermənistanın dini təsisatları da Paşinyanın nəzarəti altına keçib. Regionda vəziyyət dəyişir və artıq reallıqlar Azərbaycan tərəfinin üstünlüyünü göstərir. Bu dəyişikliklər həm də Birləşmiş Ştatlar və digər beynəlxalq güclərin maraqlarını nəzərə alaraq, Azərbaycanla paralel şəkildə həyata keçirilir.

- Rusiya Zəngəzur dəhlizinə nəzarət etməkdən bu qədər asanlıqla əl çəkəcəkmi və bu ölkənin müəyyən kluarlarından hərbi təhdid ritorikasının səslənməsi nə ilə bağlıdır?

– Ermənistana qarşı hələ də təhdidlər var, xüsusilə də Rusiyanın təsiri ilə bağlı. Ermənistan uzun müddət Rusiyanın forpostu olub, onun iqtisadiyyatı və hərbi infrastrukturu Rusiya tərəfindən dəstəklənib. Məsələn, 102-ci hərbi baza və hərbi kontingentlər regionda ciddi mövcudluq nümayiş etdirir. Bununla belə, Azərbaycan regionda öz maraqlarını qorumaqda, diplomatik və hərbi üstünlüyünü gücləndirməkdədir. Bütün bunlar göstərir ki, Azərbaycanın iradəsi və diplomatik fəaliyyəti sayəsində Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması, sərhədlərin bərpası və regionda sabitliyin təmin olunması prosesi uğurla davam edir. Regiondakı digər güclər də Azərbaycanla əməkdaşlıq və münasibətlərdə maraqlıdırlar. ABŞ, Çin və NATO ölkələri ilə olan münasibətlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Ukrayna və digər regionlarda gedən münaqişələr Rusiyanın mövqelərini də zəiflədib. Bu kontekstdə Azərbaycan öz maraqlarını qoruyaraq regionda güc və söz sahibi olmaqdadır.

Chosen
41
hafta.az

1Sources