EN

Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr- Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü münasibətilə “Ərazi bütövlüyümüz və suverenliyimiz milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş video-film nümayiş olunub.

Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı  Könül  Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, polkovnik-leytenant Azər Hümmətov çıxış ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Ordumuzun şücaəti ilə 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatı nəticəsində düşmən ordusu təslim olub, erməni separatizmi tam məhv edilib, qondarma rejim isə süqut edib. Bununla da 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin olunub və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edilib.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr  Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.

Zamin Məmmədov, “İki sahil”

Chosen
32
1
ikisahil.az

2Sources