AZ

Nizami rayonunda Dövlət Suverenliyi Günü münasibətilə konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr- Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü münasibətilə “Ərazi bütövlüyümüz və suverenliyimiz milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları, geniş rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

İlk öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş video-film nümayiş olunub.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı  Könül  Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, polkovnik-leytenant Azər Hümmətov konfransda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Ordumuzun şücayəti ilə 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatı, əsgər və zabitlərimizin qəhrəmanlıqları, uğurlu və peşəkarcasına çox qısa zaman kəsiyində həyata keçirilən bu əməliyyat nəticəsində düşmən ordusunun təslim olması, erməni separatizminin tam məhvi, 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimin süqutu və ona xitam verilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi, eləcə də işğaldan azad olunmuş bütün ərazilərdə bu gün böyük miqyasda aparılan quruculuq və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının uğurla təmin olunması, habelə Qarabağın ideoloji-siyasi mərkəzə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilməsi barədə məlumatlar verib, fikirlərini söyləyiblər.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr  Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir.

Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.

 

Seçilən
28
1
veteninfo.az

2Mənbələr