EN

Mənzil qiymətlərində dəyişiklik olacaq? EKSPERT AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda bəzi ərazilərin yenidən qurulması layihələri diqqət çəkir. Baş nazirin son sərəncamına əsasən, Böyükşor gölü ətrafı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri, eləcə də Neft Emalı Zavodu yaxınlığında yenidənqurma işlərinə başlanacaq. Bu təşəbbüs paytaxtın inkişafı və şəhərsalma siyasəti baxımından önəmli hesab edilir. Həmçinin, layihənin mənzil bazarına təsiri də maraq doğurur.

Bəs, bu qərar mənzil bazarına necə təsir edəcək? Qiymətlərdə dəyişiklik olacaqmı, yoxsa yeni yaşayış məkanları paytaxt sakinləri üçün daha əlçatan seçimlər təqdim edəcək? Bəs bu layihə gənc ailələr üçün nə vəd edir?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, hazırkı əmlak bazarında ötən illə müqayisədə qiymətlərdə nəzərəçarpacaq artım müşahidə olunur:

"Bu artımın bir neçə əsas səbəbi var və bu səbəblər bazarda aktivliyin yüksəlməsi ilə birbaşa əlaqəlidir. İlk növbədə, Rusiyadan Azərbaycana qayıdan və ya müvəqqəti gələn azərbaycanlıların sayında artım baş verib. Bu şəxslərin əhəmiyyətli bir hissəsi burada uzunmüddətli yaşamaq məqsədilə və ya sərmayə məqsədilə əmlak almağa üstünlük verir. Məhz bu tendensiya, tələbin artmasına və dolayısı ilə qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir.

Bundan əlavə, paytaxtın müxtəlif ərazilərində aparılan genişmiqyaslı söküntü və yenidənqurma işləri də əmlak bazarına təsir edən mühüm faktorlar sırasındadır. Xüsusilə köhnə tikililərin sökülərək yerində yeni, çoxmərtəbəli yaşayış komplekslərinin inşa olunması həm təklifin məhdudlaşmasına, həm də vətəndaşlar arasında alternativ mənzil axtarışlarının artmasına səbəb olur. Bu da öz növbəsində bazarda qiymətlərin qalxmasına yol açır. Digər bir önəmli faktor isə ipoteka şərtlərinin əvvəlki illərlə müqayisədə daha da sadələşdirilməsi və əlçatan hala gəlməsidir. Xüsusilə gənc ailələr və ilk dəfə mənzil alan şəxslər üçün tətbiq olunan güzəştli ipoteka proqramları insanların əmlak almaq marağını artırıb. Bankların daha çevik kredit siyasəti və dövlətin ipoteka fondu vasitəsilə verdiyi dəstək nəticəsində bazara daxil olan alıcı sayı xeyli artıb.

Hazırda bazarda ən çox qiymət artımı müşahidə olunan ərazilər paytaxtın mərkəzi və strateji bölgələridir. Belə ki, 28 May, Elmlər Akademiyası, Nəriman Nərimanov, Nizami və İnşaatçılar metrostansiyalarının ətrafında yerləşən binalarda mənzillərin qiymətləri daha sürətlə yüksəlməkdədir. Bu ərazilər həm infrastruktur baxımından inkişaf etmiş, həm də nəqliyyat əlçatanlığına görə alıcılar arasında daha çox tələbat görən zonalar hesab olunur. Əgər cari tendensiyalar davam edərsə – yəni tələbin yüksək olması, ipoteka şərtlərinin əlverişli qalması və yenidənqurma işlərinin sürətlə getməsi – ilin sonunadək əmlak qiymətlərində artımın davam edəcəyi gözlənilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
sia.az

2Sources