Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Bakı Slavyan Universitetinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanan videoçarx nümayiş etdirilib.
BSU-nun rektoru Anar Nağıyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH başçısı vəzifəsini icra edən Zahid Xəlilov, Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Roman-German dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyanın dövlət idarəçiliyinin təməlini qoyduğunu, hakimiyyət bölgüsünü və vətəndaş hüquqlarını müəyyən etdiyini qeyd ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dövlət suverenliyini bərpa etdiyi və Azərbaycanın tarixində şərəfli səhifə açdığı vurğulanıb. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında qazanılan qələbələrin Azərbaycanın gücünü, birliyini və əzmini bütün dünyaya nümayiş etdirdiyi bildirilib. Eyni zamanda, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunmasının və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçilik tariximizin mühüm mərhələlərini xalqımızın yaddaşında əbədiləşdirdiyi vurğulanıb.
BSU-nun tələbəsi Fatimə Bağırzadə suverenliyin qorunmasında gənclərin vacib rolunu və bu dəyərləri gələcək nəsillərə ötürmək məsələsinin əhəmiyyətindən bəhs edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş bir qrup şəxsə partiya vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.