EN

Azərbaycanın smartfon bazarı tarixinin ən bahalı telefonu iPone17 harda və neçəyə satılır ?

BAKI, 19 sentyabr. TELEQRAF

"Apple"ın təqdim etdiyi yeni "iPhone 17"-nin Azərbaycanda qiymətinin ABŞ bazarından 2 dəfə baha - 4000 manatdan başlaması müzakirələrə səbəb olub. Düzdür, hələlik ölkədə fəaliyyət göstərən elekteronika məhsullarının pərakəndə satış mağazalarında bu smartfonların rəsmi satışı başlamayıb.

Belə ki, Apple tarixinin ən nazik, Azərbaycananın smartfon bazarı tarixının isə ən bahalı telefonu 26 sentyabrdan satışda olacaq. Lakin bütün dünyada smartfonun baza versiyası, nominal əməkhaqqının 1098 manat olduğu ölkəmizdə isə qiyməti ajiotaj yaradıb.

Teleqraf xəbər verir ki, "iPhone 17"-nin qiyməti ABŞ-da 799 dollardan (təxminən 1 350 AZN) başlayır. "Air" modeli 999 dollar (təxminən 1700 AZN), "Pro" modeli 1099 dollar (təxminən 1 870 AZN), "Pro Max" isə 1199 dollara (təxminən 2 040 AZN) təklif olunur. Digər ölkələrdə qiymətlər ABŞ bazarından cüzi fərqlənir. Məsələn, Çində "iPhone 17" 842 dollar, Yaponiyada 881 dollar, Hindistanda 940 dollar, BƏƏ-də 981 dollar, Cənubi Koreyada 930 dollar, Fransada 1134 dollar, Meksikada 1074 dollar, Braziliyada isə 1472 dollar təşkil edir.

Qonşularımıza gəlincə, sanksiyalar nəticəsində Qərb istehsalı məhsulların həsrət qalan Rusiyada "iPhone 17" 256 GB-nin sifarişlə dəyəri 109,900 rubl (təxminən1320 dollar), "iPhone 17Pro Max" 256GB 184 990 rubl ( təxminən 2,220 dollar), Türkiyədə 77 999 TL (təxminən 1900 dollar), "Pro Max" modeli isə 119 999 TL (təxminən 2906 dollar) təşkil edir. Maraqlıdır ki, hər iki ölkədə "iPhone 16" ilə müqayisədə "iPhone 17"-yə tələb daha böyükdür.

Azərbaycanda xaricdən onlayn sifarişlərdə məşhur olan "Mimelon"da "iPhone 17 Pro Max 2TB 5G Deep Blue"-nun dəyəri 4302 manat, "iPhone 17 Pro Max 1TB 5G Deep Blue"- 3346 manat, "iPhone 17 Pro Max 256 GB Deep Blue" -2581 manat, "iPhone 17 Pro Max 512 GB Deep Blue" - 2963 manat təşkil edir.

Sentyabrın 26-da böyük satışa hazırlanan Azərbaycanda fəaliyyət göstərən böyük elektronika satışı mağazalarında qiymətlərə gəldikdə, "Baku Electronics" elektron səhifəsində "iPhone 17", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modelləri ilə bağlı elanı yerləşdirsə də qiymətləri açıqlamayıb. Mağazadan bildirildi ki, müştərilər telefonun dəyərini satış başladığı gün öyrənəcəklər.

"Kontakt Home"dan da qeyd edildi ki, dəqiq və tam qiymət siyahısı sentyabrın 26-dan sonra ictimaiyyətə təqdim olunacaq. Hazırda isə şirkətin sistemində "iPhone 17 Pro Max 256 GB Deep Blue" mövcuddur. Öncədən sifarişlə bu modeli 3499 manata almaq mümkündür. Mağazadan aldığımız məlumata görə, ilkin təqdim olunan qiymətlər əsasında "iPhone 17 Pro" modelinin 512 GB yaddaş versiyasının dəyəri 4199.99 manat müəyyən edilib. Lakin bu modeli 410 manat endirimlə 3789.99 manata da əldə etmək mümkün olacaq. "iPhone 17 Pro Max" modelinin 512 GB versiyası isə 4499.99 manat təşkil edəcək. Müştərilər bu modeli 420 manat endirimlə 4079.99 manata ala biləcəklər.

"İrşad"ın isə rəqiblərindən fərqli olaraq qiymət paketi artıq hazırdır:

iPhone 17 Pro Max 512 GB Cosmic Orange -4079,99 manat ;

iPhone 17 Pro Max 256 GB Cosmic Orange- 3499.99 manat ;

iPhone 17 Pro Max 2 TB Silver- 5669.99 manat ;

iPhone 17 Pro Max 1 TB Silver-4579.99 manat;

iPhone 17 Pro 512 GB Silver - 3789.99 manat;

iPhone 17 Pro 1 TB Deep Blue- 4309.99 manat;

iPhone 17 Pro 256 GB Deep Blue- 3209.99 manat;

iPhone 17 512 GB White - 2919.99 manat ;

iPhone 17 256 GB Mist Blue - 2339.99 manat;

"Music Galerry" də artıq iPhone 17-nin qiymətini müəyyən edib.

iPhone 17 512 GB White – 2919, 99 manat;
İphone 17 256 GB Sage – 2339,99 manat;
İphone 17 PRO 1TB Silver – 4309, 99 manat;
İphone 17 PRO 512 GB – 3789,99 manat;
İphone 17 PRO 256 GB – 3209, 99 manat;

İphone 17 PRO Max 2TB Silver- 5669,99 manat;
İphone 17 PRO Max 1TB Silver – 4579,99 manat;
İphone 17 PRO Max 512 GB Silver - 4079,99 manat;
İphone 17 PRO Max 256 GB Silver -3499,99 manat;

4500 manatlıq iPhone17 Azərbaycanda alıcı tapacaqmı?

Texnoblogger Taryel Ağazadənin fikrincə, yeni iPhone modellərinin qiymətləri fərqli versiyalara görə dəyişəcək. Belə ki, sadə modellər təxminən 2500–3000 AZN, digər versiyalar isə 3200–3500 AZN civarında olacaq. "Pro Max" modellərinin qiyməti isə daha yüksək – 3500–4500 AZN, hətta 5500 AZN-ə qədər qalxa bilər. Bu, xüsusilə 2TB yaddaşa malik versiyanın mövcudluğu ilə əlaqədardır.

Onun sözlərinə görə, bu modellərə alıcı marağı yüksəkdir. Çünki bir neçə ildən sonra ilk dəfə olaraq dizaynda dəyişiklik edilib. Bu, istifadəçilər üçün cəlbedici amillərdən biridir. Lakin texniki baxımdan bu modellərdə çox böyük yeniliklər yoxdur. Sadə "iPhone 17"-də əvvəlki 60Hz-lik ekran 120Hz-ə qaldırılıb, batareya bir qədər böyüdülüb və kameralar təkmilləşdirilib. Buna baxmayaraq, qeyri-adi innovasiya müşahidə edilmir.

İKT üzrə ekspert Fərid Kazımov isə bu cihazların Azərbaycanda daha çox status elementi kimi qəbul olunduğunu vurğuladı. Onun sözlərinə görə, insanlar iPhone-u bir texnoloji cihazdan çox, ictimai nüfuz və imic göstəricisi kimi qiymətləndirirlər:

“Faktiki olaraq insanlar Apple məhsullarını funksionallığına görə deyil, bir status simvolu kimi alırlar. Azərbaycanda "iPhone" brendi artıq bu cür qəbul olunur. İnsanlar müxtəlif kreditlərə girərək bu cihazlara sahib olmağa çalışırlar, bəzən isə yeni model əvəzinə daha köhnə – məsələn, "iPhone 15" və ya 16 modellərini əldə edirlər. Əsas məqsəd isə ‘bizdə də iPhone var’ deməkdir. Bu da müəyyən mənada emosional ehtiyacların qarşılanması ilə bağlıdır.”

Fərid Kazımov əlavə edtdi ki, bəzi istifadəçilər "iPhone"-u həqiqətən də funksionallığına görə seçirlər, lakin ümumi tendensiya onu göstərir ki, emosional və sosial motivasiyalar, xüsusilə ictimai qəbul və fərdi imic amili bu seçimlərdə daha böyük rol oynayır.

Status simvolunun üstünlükləri

Bu bahalı oyuncaq "Apple"-ın istehsal tarixinin ən nazik telefonudur. Cəmi 5.6 mm qalınlığı, 6.5 düymlük 120 Hz ekran və minimalist dizayna malikdir. Həmçinin, bu modellər yeni kamera blok dizaynı ilə dairəvi künclərlə düzülmüş kameralarla fərqlənir.

"iPhone"-nun bu seriyasında ən önəmli dəyişikliklərdən biri ekranın 6.1 düymdən 6.3 düymə qədər böyüməsi və 60 Hz əvəzinə 120 Hz yeniləmə tezliyinə keçməsidir. Ekran həmçinin Apple-nin yeni Ceramic Shield 2 qoruyucu örtüyü ilə təchiz olunub və 3000 nit parlaqlıqla iPhone tarixində ən yüksək ekran parlaqlığını təklif edir.

Kameralarda da təkmilləşdirmələr edilib: əsas "iPhone 17" modeli iki arxa kameraya sahibdir – biri əsas 48MP, digəri isə 48MP ultra geniş kameradır. Ön kamera isə 12MP-dən 18MP-ə qədər artırılıb. Video çəkiliş xüsusiyyətləri də gücləndirilib – Dolby Vision ilə 4K 60 fps video yazmaq mümkündür, həmçinin səsin tənzimlənməsi üçün Audio Mix funksiyası əlavə olunub.

Qurğunun konstruksiyasında alüminium və titandan istifadə edilib. Bu da "Pro" versiyalarının yüngül olmasını, möhkəmliyini, etibarlılığını təmin edir.

Cücəni payızda sayarlar

Uzun illərdir ki, Apple payız fəsilinin əvvəlində yeni iPhone-ları təqdim edir. Yeganə istisna, 2020-ci ilin COVID-19 pandemiyası dövründə olub. O zaman amerikalılar smartfonların təqdimatını oktyabrın ortalarına (iPhone 12 və 12 Pro) və noyabra (iPhone 12 Pro Max və iPhone 12 mini) təxirə salmağa məcbur olmuşdular. Digər hallarda, Apple yeni seriyasını sentyabrın ikinci bazar ertəsi və ya çərşənbə axşamı günü təqdim edir. Ənənəvi olaraq, "Cupertino" şirkətinin elanından sonra yeni smartfonlar üçün sifarişlər qəbul edilməyə başlanır. Qlobal satışlar isə bir həftə sonra başlayır.

Chosen
30
teleqraf.com

1Sources