EN

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirilib - YENİLƏNİB

Milli Məclisdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirilib.

Apa-nın xəbərinə görə, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiyanın Ulu öndər Heydər Əliyevin şah əsərlərindən biri olduğunu vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Heydər Əliyevin müasir Azərbaycanın təhlükəsizlik sisteminin memarı olduğunu vurğulayıb: “Heydər Əliyevin təhlükəsizlik siyasəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Bu siyasət bu gün də Azərbaycanın gələcəyinə xidmət edir və Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə hər bir fəaliyyətdə örnək olmalıdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc silahla qazandığımızı qanunlarla qorumalı olduğumuzu söyləyib: “İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” fikri kağızdan çox, torpaqda təsdiqlənib. İndi biz Konstitusiyamıza başqa gözlə baxırıq. Əvvəl müdafiə sənədi idi, indi quruculuq proqramıdır! Biz haqqımızı savaşla bərpa etdik, indi isə onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov qeyd edib ki, bu gün Azərbaycan xalqı olaraq tarixi Zəfərimizin məntiqi nəticəsi olan Böyük Qayıdışın təntənəsini, qürurunu yaşamaqdayıq: “100 minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradılıb. Artıq 50 mindən çox soydaşımız Şərqi Zəngəzur və Qarabağda məskunlaşıb. Əminik ki, erməni qəsbkarları tərəfindən məhv olunmuş torpaqlarımız yaxın gələcəkdə sözün əsl mənasında cənnətə, sülh və tərəqqi məkanına çevriləcək. Azərbaycan beynəlxalq ictimaiyyətə keçmiş məcburi köçkün və qaçqınların postmünaqişə reabilitasiyası və reinteqrasiyası ilə bağlı yeni model təqdim edəcək”.

Konfrans müzakirələrlə davam edib.

***

saat 10.07

Milli Məclisdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfrans başlayıb.

APA-nın xəbərinə görə, konfransda deputatlar və dövlət qurumlarının nümayəndələri iştirak edir.

Chosen
7
4
qaziler.az

5Sources