EN

"Formula-1" zamanı Bakıda unikal fürsət: "Dreamliner" simulyatoru təqdim olundu - FOTO

Azərbaycan Hava Yolları QSC (AZAL) "Boeing 787 Dreamliner" təyyarəsinin tam funksional simulyatorunu uçuş həvəskarlarının ixtiyarına verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu layihə artıq ikinci ildir ki, "Boeing" şirkəti ilə birgə həyata keçirilir.

"Formula-1" yarışları zamanı Bakının mərkəzində yerləşən "JW Marriott Absheron Baku" hotelinin birinci mərtəbəsində quraşdırılan müasir "Boeing 787 Dreamliner" təyyarəsinin tam funksional simulyatoru bütün ziyarətçilərə özlərini təyyarənin idarəetmə sükanı arxasında pilot kimi hiss etməyə imkan verir.

Qeyd edək ki, "Boeing 787 Dreamliner" uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir.

Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir. Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini - havaya qalxma, uçuş rejimi və enişi - sınaqdan keçirməyə imkan verir.

Bu, həmçinin "Dreamliner"in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır. Qeyd edək ki, "Boeing" şirkəti "787 Dreamliner" modelini ən uğurlu genişgövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildən az bir zamanda bu təyyarələr 1.1 milyarddan çox sərnişin daşıyıb ki, bu da aviasiya tarixində digər bütün genişgövdəli təyyarələrlə müqayisədə ən yüksək göstəricidir.


Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dək azaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, irigövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraiti ilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinat məntəqəsinə rahat çatırlar.

Hazırda AZAL-ın parkında iki "Boeing 787 Dreamliner" təyyarəsi fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.

Xatırladaq ki, simulyator sentyabrın 21-nə kimi hər gün saat 10:00-dan 17:00-dək vətəndaşların ixtiyarında olacaq.

 

Chosen
23
5
avtosfer.az

8Sources